Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı)
02.12.2018, 21:19
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı)

Davam edir 37... 
( Ardı (2-ci hissə)) 

Çoxmillətli ölkəmizdə milli bayraqlara yanlış münasibət

Talış bayrağını Kolatan kəndinin mərkəzində görüb, şəklini çəkib sosial şəbəkədə paylaşmağım cinayət hesab edilib 

Cəza tədbiri kimi 30 sutka həbs edilməyim hansı qanuna əsaslanırdı? Həmin bayrağı xüsusi sifarişlə RF-nın Sank-Peterburq şəhərindən gətirib, müəyyən adamlara kəndin mərkəzində asdıranları rayon polis şöbəsi niyə həbs etmədi? Nədən həmin Ərazi Vahidinin İcra Nümayəndəsi, Bələdiyyə işçiləri, Sahə Müvəkkilinə inzibati cəza tətbiq edilmədi?

Əgər doğrudanda Talış Millətinin bayrağı onun üç rəngli, səkkiz guşəli ay ulduzlu Dövlət Bayrağı ilə siyasi mənada tərs mütənasib idisə, yaxud Dövlətçiliyə xələl gətirən amil hesab edilibsə, “cinayəti törədən şəxslər”i rayon Polis Şöbəsi nə əsasla sərbəst buraxıb?

Suallar çox, cavablar isə müasir sivil dünya standartları çərçivəsində deyil, Sovetin tarixi arxivində inildəyən - “37”-ni xatırladır.

Belə düşünməyimə əsas verən amil budur ki, mülki geyimlilər tərəfindən həbs edilib oğurlandığım andan on gün müddətində nə mənə kiməsə zəng etmək, nə də qohum əqrabalarıma, hətta ailəmə də harda olduğum barədə heç bir məlumat verilməmişdir.

Yəni mən ölkə üçün o qədər təhlükəli adam idim ki, bu formada izolə edilmişdim?

Mənə qanunsuz olaraq 30 sutka verilən cəza, o qədər də ağrılı deyil. Rəis müavininin mənə: “Soruşmuşam, sənin kənddə heç hörmətin yoxdur “ deməsi, daha çox ağrıdıcı oldu. 

Əslində onu heç qınamıramda, o adam axı yerli deyil. Hardan bilsin ki, mən bu Vətənim üçün hansı zülümlər çəkmişəm, hardan bilsin ki, naümüd insanların hüquqlarını həmişə müdafiə etmişəm, çoxlu şəhid ailələrin, Qazilərin sosial yardımını qamarlayıb gombul balalarına yedirənlərə, rayonda rüşvət və korrupsiyanın tüğyan etməsi, meşələrimizin vandalcasına qırılıb məhv edilməsi və digər məsələlər barədə silsilə yazılarımla harınlamış məmur zümrəsinə rahatlıq verməmişəm ...

Çox guman ki, rəis müavini mənim barəmdə qeyd etdiyim kasıb, imkansız zümrədən deyil, ən azından seçkilərdə şərəf-ləyaqəti, kişiliyi kanalizasiya səviyyəsindən aşağı olan nadürüstlərin məni xarakterizə etməsinə inanıb ...

Nə isə, qayıdım məsələnin əsas mahiyyətinə.

Bəşəriyyətə bəllidir ki, Adəmdən-Xatəmə və bu günümüzə kimi qədim zamanlardan bütün müharibələrdə hər millət özünün Milli bayrağı ilə tanınıb, yaşadığı Vətənin Dövlət bayrağı arxasında yağı düşmənə qarşı savaşa girmişdir.

Hər Millət, özünün bayrağı ilə savaş meydanında şücaət göstərib tanınmışdır. Talışlar da ölkəmizdə yaşayan digər Milli –etnik xalqlar kimi özünün bayrağı ilə savaşlarda şücaətini göstərmişdir...

Bunları deməkdə məqsədim budur ki, əgər həqiqətən demokratik, azad fikrə, qəbul etdiyimiz dünyəvi sivil dəyərlərə, o cümlədən insan haqqlarına istinadən azad və Müstəqil Hüquqi Dövlət qurmuşuqsa, Vətəndaş hüquqlarımız nədən belə kobud şəkildə pozulmalıdır?

04 dekabr 2017-ci il tarxdə Masallı rayon polis əməkdaşları tərəfindən 62 yaşımda bütün kənd camaatının gözü qarşısında xüsusi zorakılıqla həbs edilməyimin səbəbi “Talış bayrağı”nın şəklini çəkməyim oldumu? Düşünmürəm!

Düşünürəm ki, qanunçuluqda belə “cinayətə” görə heç bir maddə nəzərdə tutulmayıb. Deməli, məsələ daha böyük olmaqla, rayonun bəzi harınlamış məmur kontingentini vaxtaşırı olaraq KİV-də tənqid etməyim olubmuş.

Yəni, bir qədər son illərdəki ictimai-siyasi fəaliyyətimə ekskurs etsəm, görərik ki, Azadlıq, Aydınlıq, Çeşmə, Ölkə, Qanun Naminə, Cənub Xəbərləri, Hüquq və Ədalət, Tolışon Sədo qəzetlərindəki tənqidi yazılarıma görə təqib, təhdid, dəfələrlə inzibati həbs kimi cəza tədbirlərinə məruz qalmışam. Hətta ailə nigahımı pozmaq məcburiyyətində qalmışam. Bu başqa söhbətin mövzusu olsa da, gizlətməyə də lüzum bilmirəm.

Qədirova Rubabə Sərhədəli qızı ilə 1978-ci ildə ailə həyatı qurdum. Bu insan evlilik dövründən bu günə kimi daha hansı mənəvi zülümlər çəkmədi? İki qız, iki oğul böyüdüb tərbiyyə etməyimiz Vətənimiz Azərbaycanın çox bəlalı, həmdə şərəfli Ümumxalq Azadlıq Hərəkatı dövrünə təsadüf etdi. Həmin ərəfədə mənfur erməni daşnak ünsürlərin tarixi ərazilərimizə torpaq iddiası ilə təcavüz etməsinə, mən də digər vətəndaşlar kimi laqeyd qala bilmədim...

Evdə yataq xəstəsi olan ata-anamı və dörd məktəb yaşlı uşaqlarımı qadir Allaha və ömür-gün yoldaşıma əmanət edib, könüllü olaraq Qarabağa getdim...

Təsəvvür edirsinizmi ki, iki yataq xəstəsinə qulluq etmək nə deməkdir?

Bu gözəl insan təkcə mənim övladlarıma yaxşı tərbiyyə verən ana yox, həm də ata-anama doğma qız balası kimi nəvaziş etməklə, onları müalicə də etmişdir.

İndi də bütün qohum-əqrabalarım ona “Gəlin-bacı” deyə müraciət edir.

Ölkədə baş alıb gedən haqsızlıqlara biganə qala bilməməyimin nəticəsi bu oldu ki, belə bir ailəmdən rəsmən boşanmalı oldum. Səbəb bu oldu ki, özümə nə olursa olsun, təki ona bu yırtıcı, qaniçən hanimiyyətdən xələl gəlməsin.

Hadisələr belə göstərdi ki, mən bu məsələdə nə qədər yanlışlıq etmiş olsam da, bir qədər uzaqgörənliyim də olub. Kimsə şübhə etməsin ki, bizim nigahımız olsaydı, o “şanlı polislərimiz “ əvvəllər etdikləri kimi bu dəfə də evimə basqın edib, hər cür qurama işlərlə şərləyərdilər.

04 dekabr 2017-ci il tarixdə məni qanunsuz olaraq həbs etmələri düşündüklərimi tam təsdiq etdi. Həmin gün, mənim mülki geyimlilər tərəfindən oğurlandığımı eşidib-bilən yoldaşım, mənə çoxlu zənglər etməsindən sonra DİN-nin “102“ qaynar xəttinə zəng edib, heç bir cavab almaması, evdə tək-tənha, xəstə halda olmasına daha da ağır olmuşdu. Mənə də imkan verilmədi ki, qanunla tənzimlənən bir telefon zəngindən istifadə edib yerimi deyim. Onda dəqiq düşündüm ki, mənim də aqibətim eynilə “əsrin faciəsi “ adlanan professor Novruzəli Məmmədov və ailəsinin aqibəti gözləyir.

Qadir olan Allah elə qismət etdi ki, qonşu Bədəlan kəndindən olan Xəlilov Səadət müəllimlə bir kamerada görüşdük. O, mənimlə doqquz gün qaldı, çıxanda xahiş etdim ki, Binəqədi İnzibati Təcridxanasında həbsdə olmağımı Rafiq Cəlilova çatdırsın. Çünki əvvəlcədən bütün dostlara-qohumlara demişdim ki, başıma bir iş gəlsə, hamıdan əvvəl Rafiq özünü mənə çatdırar... Mən buna öz varlığım kimi inanırdım!

Allaha şükürlər olsun ki, İnamım məni aldatmadı!

Rafiq Cəlilov yoldaşıma zəng edib, danışandan sonra yoldaşım DİN-də, Baş prokurorluqda və digər hökumət orqanlarında “ərinin axtarışı” ilə sərgərdan olur, kimsə də yerini demir...

“Könül xoşluğundan” ölkədən xaricdə yaşayan övladlarımın göz yaşlarına qərq olmalarını xatırlayıb, yazmağa özümdə taqət qalmadığına görə, yazmaq istəmirəm...

Rafiq Cəlilovun hətta uşaqlarımla telefon əlaqəsi yaradıb, onlara ürək-dirək verməsini, millətini sevən hər kəs anlaya bilər.
Rafiq yoldaşımı “20 yanvar”da qarşılayıb gətirdi mənim görüşümə, sonra da yola salmışdı Masallıya.

Məndən sonra həbsxanaya gətirilənlərdən öyrəndim ki, Rusiya Federasiyasında fəaliyyət göstərən Talış Diaspor Təşkilatları, məni KİV-dən tanıyan bütün demokratik düşüncəli insanlar mənim müdafiəmə qalxmışlar... 

Mən də onlara sonsuz sayqımı-sevgimi bildirməklə, təşəkkür edirəm!

(Davamı, sabiq Müdafiə Naziri RƏHİM QAZIYEVLƏ həbsxana rəsmilərinin gözü qabağında tarixi görüşümüz barədə)

 (Ardı var)

Category: Talısh | Added by: tmmrtalish
Views: 379 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: