search
menu
person

NEWS AND UDATES


21:50
11 il öncə isti iyun günlərində Bakıda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsində təqsirləndirilən şəxs Məmmədov
11 il öncə isti iyun günlərində Bakıda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsində təqsirləndirilən şəxs Məmmədov Novruzəli Xanməmməd oğlunun son sözü 


 
(ixtisarla) 
 
Hörmətli məhkəmə!!

İnsanlar öz istəklərinə uyğun olaraq dili, milliyyəti, vətəni, valideynləri seçmirlər. Bu onların tale qismətidir. Lakin insanların öz seçimi sayəsində zəhmətlə əldə etdikləri altunlardan, sərvətlərdən də qiymətlisi, önəmli və əzizi yuxarıda sadaladıqlarımdır. Əgər mənə ikinci bir ömür payı və seçim imkanı versəydilər, mən tərəddüd etmədən yenə də bu dili, milliyyəti, vətəni və valideynlərimi seçərdim. Mənim 67 yaşım var, elmi, ictimai, jurnalist fəaliyyətimə görə peşman deyiləm. Çünki mən dilimə, xalqıma, vətənimə, dövlətimə gücüm catdığı qədər xidmət etmişəm və bundan mənən həzz almışam. İndi isə məni dövlətimizin milli siyasət proqramını həyata keçirtdiyim üçün xəyanətkar adı ilə ittiham edirlər. Mən bəy nəslindənəm. Nəslimin nümayəndələrindən 37-ci ilin qurbanları olubdur, onlar sonralar bəraət alıblar. Onların üzünə nahaqdan duranları, onlardan donos yazanları indi də lənətləyirlər. Ömrüm boyu əcdadlarım kimi əl tutub, yol göstərib insanları maarifləndirməyə çalışmışam. Mənə bunu öyrədiblər, bu cür tərbiyə almışam. Mən heç zaman yalan danışan olmamışam, çünki yalan danışmaq xislətimdə deyil. Istintaqda da birinci gündən axırıncı günə qədər həqiqəti dediyimdən, ifadələrim sabit olmuşdur, heç bir dəyişikliyə məruz qalmamışdır. Mənə élan olunmuş ittihamı ilk gündən rədd etmişəm və bu gün, son sözümü söylədiyim zaman da fikrimdə dururam. Mən müdafiə olunmaq üçün də hər dəfə yeni variantlar fikirləşməmişəm. 116 səhifəlik ittiham aktı təsdiq edir ki, mənə elan olunmuş ittiham uydurmadır, mən cinayət törətdiyimə görə yox, milli-etnik mənsubiyyətimə görə təqib olunuram. Mən əslində özümü yox, dilimi, milli-etnik mənsubiyyətimi müdafiə edirəm… 

…Bu vətənin övladları üçün mən heç olmasa, 10 kitab, 70-dən çox elmi məqalə yazmışam. Bunlar çap olunubdur, 10 kitabım da çapa hazır vəziyyətdədir. Əsərlərimə alimlər tərəfindən, elmi şuralarda ən yüksək səviyyədə rəylər verilmiş və elmi ictimaiyyət onlardan faydalanmışdır. Heç kəs əsərlərimə indiyə kimi mənfi münasibət bildirməmişdir. Mənim gənc alimlərin hazırlanmasında da böyük əməyim olmuşdur. Lakin istintaq orqanının dilçilikdən, talışın tarixindən, etnoqrafiyasından, ədəbiyyatından məlumatı olmadığı bir halda, tədqiqatlarıma, ana dilimə, etnik mənsubiyyətimə hücumlardan çəkinməmiş, mənim milli-etnik mənsubiyyətimi ittiham aktında, mənə élan olunmuş təqsirləndirilən şəxsi cəlb etmə qərarında yersiz hallandırmaqla mənim özümü, mənsub olduğum azsaylı xalqı təhqir etmək, aşağılamaq üçün  bacardığını etmişdir. 

…Mən qanunsuz olaraq inzibati həbsə alındığım ilk gündən başlayaraq fiziki, psixoloji, mənəvi təsir və təqiblərə məruz qalmışam. Ancaq şükürlər olsun ki, sınmadım, kiminsə barəsində yalan ifadələr vermədim, təmiz adımı qoruyub saxladım. Yəqin Elman Quliyevin  “Novruzəli müəllimi də öz tərəfinizə çəkin, ondan da istifadə edin” tövsiyələrini nəzərə alan əməliyyatçılar və istintaq orqanı  gah uşaqlarımın, qohumlarımın da həbs ediləcəyini,  qonşu otaqda üzümə duracaq iranlının tutulub saxlandığını, gah da mənim müəyyən qadınlarla əlaqələrim barədə ifadələr alındığını və həmin məlumatların ailəmə çatdırılacağını, bu yaşımda biabır olacağımla bağlı hədələri  dəfələrlə diqqətimə çatdırmışlar. Lakin bu hücumların nəticəsi olmadı. 

…Mənə qarşı bütün istintaq boyu qərəzli münasibətlər oluşdur, mənim heç bir dəlil, sübutum yoxlanılmamış, onun yalanları isə həqiqət kimi qəbul olunmuş və dərhal müxtəlif qərarlara köçürülmüşdür. Mən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Milli Təhlükəsizlik nazirinə, Istintaq qrupunun rəhbərinə 02 iyul, 01-02 oktyabr, 09 oktyabr 2007-ci il tarixlərdə rəsmi müraciətlər edərək milli-etnik mənsubiyyətimə görə təqiblərə son qoyulmasını xahiş etmişəm, istintaqın ədalətli aparılmasını tələb etmişəm, lakin bunlara əhəmiyyət verilməyib. Mən istintaq qrupunun bütün üzvlərinə, prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz etmişəm, təmin edilməyib, mən prokurorun məni qəbul edib, dindirməsini xahiş etmişəm, bu da rədd olunub. 

…Məndən asılı olmayan səbəblərdən qapalı keçirilən məhkəmə iclasında yenə deyirəm:- mən milli-etnik mənsubiyyətimə, taliş dilinin tədqiqinə, jurnalistlik, istimai xadim və elmi fəaliyyətimə  görə  təqib olunuram. Bunun başqa adı yoxdur. ”Talış” sözünü hər cümlənin əvvəlində, ortasında, yaxud axırında yazmaqla cinayət tərkibi düzəltmək mümkün olsaydı, onda Azərbaycanda bütün talışlar cinayətkar hesab edilməli idi. Lakin dilin, ədəbiyyatın, incəsənətin, tarixin öyrənilməsi, elmi tədqiqatların aparılması cinayət sayıla bilməz. Böyük xanəndəmiz mərhum Rəşid Behbudov dünya səhnələrində talış xalq mahnısını oxuyub, talışın mədəniyyətini təbliğ etmişdir, bəstəkar  Müslüm Maqomayev Lənkəranda işləyərkən o bölgədə topladığı mahnıları, nəğmələri nota köçürüb, böyük musiqi əsəri yazmışdır. Bu əsər musiqi tariximizin nadir incilərindən hesab edilir.  Böyük bəstəkar Nəriman Məmmədov Əhməd İsazadə ilə birgə Azərbaycanın talış bölgəsi materialları əsasında “Azərbaycan xalq mahnıları və oyun havaları” kitabını meydana qoymuşlar. Mənim də bu kitabın ərsəyə gəlməsində böyük rolum olmuşdur. Belə dahi şəxsiyyətlər qarşısında baş əyirik. Lakin xahiş edirəm, bunlardan istintaqın məlumatı olmasın, çünki müstəntiqlər hətta dünyasını dəyişmiş insanların talış ədəbiyyatı, tarixi, musiqisi ilə bağlı fəaliyyətini də şübhə altına alaraq, ”ətrafında istintaq-əməliyyat tədbirləri aparmağı” sevirlər (Rəhmətliklər - akademik İqrar Əliyev və şair Əhəd Muxtar nəzərdə tutulur., red.). 

…Mən inanmıram ki, bu qapalı məhkəmə iclasında deyilənlər həmişəlik qapalı qalacaqdır, xalqdan, ictimaiyyətdən gizli saxlanacaqdır. Faktlar gec-tez hamıya məlum olacaqdır. Necə əsaslandırılmağından asılı olmayaraq, dünya ictimaiyyəti milli-etnik mənsubiyyətimə, talış dilinin tədqiqinə, yazdığım kitablara və elmi məqalələrə görə təqib olunduğumu yaxşı biləcəkdir. 

…Mən ifadəmdə göstərmişəm ki,  azərbaycanlı, milli-etnik mənsubiyyətimə görə talışam. İstintaq orqanı “düşmənçilk fəaliyyəti” adı altında talış xalqına, onun dilinə, bu dilin dünyada yeganə tədqiqatçısı kimi mənə nifrətini, kinini açıq şəkildə biruzə verərək, baş redaktoru olduğum “Tolışi Sədo” qəzetinin 1-ci nömrəsindən 108-ci nömrəsinə kimi talışın mədəniyyətini-dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını və s.özündə əks etdirən yazıları qəzetin səhifələrinə çıxarmaqla məqsədimin “ talışçılığı təbliğ etmək” olduğunu vurğulamaqla məni ittiham etmişdir. Belə çıxır ki, talışı, talışçılığı təbliğ edirəmsə, deməli, dövlətə xəyanət etmiş oluram. Əvvəla, talışı, talışçılığı təbliğ etmək mənim ictimai xadim kimi borcumdur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli fərmanı belə bir vəzifəni üzərimə qoymuşdur. Çünki mən RTMM-nin sədr müavini, həm də həmin ictimai təşkilatın mətbu orqanı olan “Tolışi Sədo” qəzetinin baş redaktoruyam. Təbii ki, bu torpağın əzəli sakinlərindən olan talışları, onların dilini, tarixini və s. təbliğ etmək fərmanda nəzərdə tutulduğundan burada qeyri-qanuni heç nə yoxdur. İkincisi, bu mənim tədqiqatçı kimi vəzifəmdir. Mən ömrümü bu dilin tədqiqinə həsr etmişəm. Dövlət mənim bir alim kimi yetişməyim üçün külli miqdarda vəsait xərcləyib. Üçüncüsü, talış dili mənim ana dilimdir, onu qorumaq, gələcək nəslə çatdırmaq mənim mənəvi borcumdur. Hər gün Azərbaycan toylarında “Ləzginka” rəqsi çalınır. Bu, təbii ki, ləzgi mədəniyyətinin təbliğidir və bu alqışlanmalıdır,  heç kəs deyə bilməz ki, bu, cinayətdir. Əgər “Ləzginka” çalıb-oxumaq cinayət deyilsə, talış dilində yazıb-oxumaq, onu tədqiq etmək niyə cinayət hesab edilməlidir? Başqa dillər barədə də bunu demək mümkündür. Burada məntiq yoxdur, ittiham aktında yazılanlar sübut yox, bəhanədir. 

…Məhkəmənin isə mənə qarşı olan ayrı-seçkiliyə son qoymaqla ədalətli və qanuni qərar qəbul edəcəyinə ümid bəsləyirəm. Mən hər cür güzəştin əleyhinəyəm, çünki güzəşt təqsiri olan şəxsə edilməlidir. Yox əgər mənim milli-etnik mənsubiyyətim, talış olmağım cinayətdirsə buyurun ən ağır cəzanı verin.
 

 
www.tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 105 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $