24.01.2020

Dövlətə xəyanətdə ittiham olunan jurnalistin işindəki zərərçəkən məlum oldu

Dövlətə xəyanət ittihamıyla həbs olunan “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılacaq.

P.Aslanov fevralın 3-də hakim qarşısına çıxarılacaq. Məhkəmənin ilkin hazırlıq iclası həmin günə təyin edilib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova mediaya açıqlamasında bildirmişdi ki, bu cinayət işində bir neçə media nümayəndəsi, ictimai-fəalın da adı keçir. G.Aslanovanın sözlərinə görə, həmin şəxslər P.Aslanovun əleyhinə ifadə veriblər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ictimai fəal Dəyanət Babayev bu işdə zərərçəkmiş qismində tanınıb. D.Babayev istintaqa ifadəsində P.Aslanovun onu hədələdiyini iddia edib.