20:53
Azərbaycan Talışların İctimai Şurasının B Ə Y A N A T I

Azərbaycan Talışların İctimai Şurasının B Ə Y A N A T I

Azərbaycan Talışların İctimai Şurasının

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən

Azərbaycan Respublikasının talış etnik mənsublu vətəndaşı gənc ictimai fəal Qurbanov Aslan Əhəd oğlunun saxta ittihamlarla uzun müddətli (7 il) həbs cəzasına məhkum edilməsi ilə bağlı

B Ə Y A N A T I

Sosial şəbəkələrdə bloger qismində fəaliyyət göstərən gənc ictimai fəal Qurbanov Aslan Əhəd oğlu mənsub olduğu talış xalqının dili və mədəniyyətinin təbliğ olunması ilə əlaqədar, 14 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən həbs olunub.

15 aprel 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi vətəndaş Qurbanov Aslan Əhəd oğlunu AR CM-nin 281.2 və 283.1-ci maddələri ilə təqsirli bilərək, onu 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

İstintaq və məhkəmə prosesində Aslan Qurbanova qarşı irəli sürülən ittihamların kökündə ancaq və ancaq onun sosial şəbəkələrdəki fəaliyyəti durur. Aslan Qurbanovun facebook və vatsap üzərində apardığı yazışmalara istinad edilərək ona qarşı istintaq orqanı fərziyyələr əsasında ittihamlar formalaşdırıb, məhkəmə isə ittiham aktını köçürərək hökm çıxarıb.

Bundan əlavə istintaq və məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə müşahidə edilib. Aslan Qurbanovun etnik mənsubiyyəti təhqir edilib, müdafiə hüququ tam təmin edilməyib, məhkumun özü, ailəsi, iş üzrə dindirilən şahidlər ağır psixoloji təzyiqlərə məruz qalıb, məhkəmə iclasları heç bir tutarlı əsas olmadan bir çox hallarda qapalı keçirilib. Şahid qismində istintaqa cəlb edilən talış ictimai fəalların hədə-qorxu və şantaj təsirləri altında təqsirləndirilən şəxsin əleyhinə ifadə vermələrilə bağlı əsaslı şübhələr vardır.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə dindirilmələri, eləcə də Məhkəmənin ona qarşı çıxartdığı Hökm ilə tanış olan hər kəsə bir daha bəlli olur ki, Aslan Qurbanova qarşı çıxarılan 7 (yeddi) il həbs cəzası ədalətsiz, sifarişli və qərəzlidir!

Bloger Aslan Qurbanovun həbs olunması, istintaq və məhkəmə proseslərini diqqətdə saxlayan Azərbaycan Talışların İctimai Şurası bu həbsi mənsub olduğu xalqın ana dilinə, mədəniyyətlərinə biganə qalmayan digər talış gənclərinə “qulaqburma” aktı kimi qiymətləndirir. Eləcə də, sosial şəbəkələr üstündə mənsub olduqları xalqın dilini, mədəniyyətini və digər milli-mental dəyərlərini təbliğ edən gənc ictimai fəalların Aslan Qurbanovun üstündə qurulan bu sifarişli, qondarma istintaq və məhkəmə proseslərinə cəlb edilməsi, şantaj və hədə-qorxu altında onlardan ifadə alınması bir daha sübut edir ki, məqsəd heç də ölkəmizdə hüquqi və ədalətli vətəndaş cəmiyyətin qurulması deyildir! Əksinə, bu ölkəmizin talış əsilli gəncləri təqib və təzyiq altında öz etnik mənsubiyyətlərindən imtina, onları zor-gücünə asimlə etmələri üçün, düşünülmüş məkrli planın tərkib hissəsidir!

Azərbaycan Talışların İctimai Şurası Bakı Ağır Cinayətlər Məhkəməsinin gənc bloger Aslan Qurbanovun 7 (yeddi) il həbs cəzasına məhkum edilməsi ilə bağlı hökmünü qərəzli, ədalətsiz, sifarişli, eləcə də Azərbaycan Respublikasının köklü xalqı olan talış xalqının ictimai fəallarına qarşı repressiya planının tərkib hissəsi sayır və Azərbaycan hakimiyyətindən vətəndaşlarına qarşı hər cür milli-etnik ayrı-seçkiliyə son qoymağı tələb edir.

Azərbaycan Talışların İctimai Şurası

Bakı şəhəri

4 may 2021-ci il

Bir bir və ya daha çox şəxs, saqqal və bunu deyən yazı "TV ATİŞ FREE DOM WOR ASLAN" şəkili ola bilər

 

Category: Sİyasət | Views: 75 | Added by: tmmrtalish | Tags: Azərbaycan Talışların İctimai Şuras | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: