19:45
CAZİBƏDAR ÖLÜM

CAZİBƏDAR ÖLÜM

Neçə gün idi ki, içimdə bir narahatçılıq, sanki bir ruh düşkünlüyü, yaxud dünyadan bir küskünlük var idi. Bu gün qərara gəldim Hirkan meşələrinə bir nəzər salam, bəlkə məni dünyamla barışdırdı.

Payız vaxtı Talış meşələrinin ayrı bir gözəlliyi, ayrı bir özəlliyi vardır. Bu fəsildə ağaclar sanki bər-bəzəkli libaslarla aşiqini gözləyən məşuqları təqlid edir. Bölgə meşələrinin füsunkar incisi, ağacların ulusu Ambur (dəmirağacı) ağacı meşədə ali məqama sahibdir. Hamıdan çox görünən, "qışqıran" möhtəşəm rəngləri ilə uzaqdan ötüşən hər kəsi özünə çağıran da onlardır. İnsafla desək bunu haqq edirlər. Bəşəriyyəti donduran dördüncü dövr buzlaşmasından salamat çıxan bu mübarizlərlə kim bəhsə girə bilərdi ki! Ambur ağacı, hər şeydən öncə yaşamaq uğrunda mübarizənin simvoludur. Bəzən, min illər boyu bu coğrafiyada yaşayan tarixlə həmyaşıd talış millətinin bu cür təlatümlü coğrafiyada necə öz varlığını qoruya bildikləri barədə heyranlıqla sual edirlər. Mənim isə, buna cavabım, "Ambur ağacını daha çox tədqiq edin" şəklində olur. Ümumbəşəri ölümə qalib gələrək soyunu tükətməyən bu relikt ağac əsil bir məktəbdir. Məhz bu məktəbin məzunları olan talışların ustadlarından dəmir xarakter əxz edərək, uca Allahın lütf və inayəti ilə axirətədək baqi qalacağı şübhə doğurmamalıdır. Məndən, "talışların simvolu nə olmalıdır?" soruşsaydılar, şübhəsiz ki "Ambur olsun" deyəcəkdim.

Ambur ağacının "payız görüşü" digər ağaclardakına heç bənzəməz. Yarpaqları al-əlvan rənglərə boyanmış bu ağac, ölümünə yaxın daha da gözəlləşən insan təsirini bağışlayır. Sanki, var gücü ilə son günlərini yaşayan insanlar kimi, daha çox sevmək, daha çox sevilmək istəyir. Yaşamaq eşqindən zəif, bimar çöhrəyə qonmuş al qan kimi bu ağacın yarpaqları qıpqırmızı qızarır. Ölümü də möhtəşəmdir bu ağacın.

Bu dünyada bütün canlılar ölümə məhkumdur. Ölüm, digərinin doğulması deməkdir. Əsas odur ki, hər kəs özündən sonra soy buraxsın. Uca Allah kökümüzü qurutmasın inşallah.

Elvin İrşadov

 

Category: Taliys | Views: 60 | Added by: tmmrtalish | Tags: Elvin İrşadov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: