search
menu
person

NEWS AND UDATES


09:41
Etnik zənginliyi bizim sərvətimizdir və onu gizlətmək yox, nümayiş etdirmək lazımdır
Etnik zənginliyi bizim sərvətimizdir və onu gizlətmək yox, nümayiş etdirmək lazımdır.

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət qurmağı hədəfləyən siyasi partiyalara və hərəkat rəhbərlərinə,

Azərbaycan Respublikasının demokratik ictimaiyyətinə

Əziz həmvətənlər!

Bu ilin oktyabrında ölkəmizdə növbəti əhali siyahıyaalınması keçiriləcək. Sirr deyil ki, hər bir ölkədə azad, bərabər və obyektiv seçkilərin keçirilməsi də daxil olmaqla azad vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu əhali siyahıyaalınmasının obyektiv və dürüst aparılmasından keçir.

Vətənimiz Azərbaycan əsrlər boyu müxtəlif xalqların birlikdə yaşadığı ölkədir. Bu əsrlər ərzində müxtəlif tarixi hadisələr, siyasi kataklizmlər yaşamışıq, gah müstəqil dövlət olmuşuq, gah başqa dövlətlərin işğalına məruz qalmışıq. Dəyişməyən hal ölkəmizdə yaşayan xalqların mehriban münasibətləri olub. Bu əsrlər ərzində heç zaman etnik zəmində ayrı-seçkilik, qarşıdurma olmayıb. Dünya təcrübəsində nadir rast gəlinən belə bir hal biz azərbaycanlıların qürur və fəxarət mənbəyidir.

Bununla belə, siyahıyaalmalar zamanı yol verilən bir nöqsanı vurğulamaq lazımdır. Etnik mənsubiyyət qrafasında göstərilən "azərbaycanlı" termini Azərbaycanın etnik zənginliyini göstərməyə mane olur. Azərbaycanlılıq etnik mənsubiyyət deyil, milli mənsubiyyətdir. Etnik kökündən asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlıdırlar. Bu nöqsan üzündən son siyahıyaalmanın nəticələrinə görə əhalinin 91,5%-ni azərbaycanlılar təşkil edir. Bu da ölkəmizi monoetnik ölkələr sırasına daxil etmişdir. Halbuki biz (haqlı da olaraq) Ermənistanı millətçi siyasət üzündən monoetnik dövlətə çevrilməkdə ittiham edirik. O zaman özümüz niyə buna çevrilirik?

Azərbaycan Respublikasında indiyə qədər keçirilən siyahıyaalmanın nəticələri Azərbaycan türklərinin mövcudluğunu ümumiyyətlə inkar edir – onları azərbaycanlı kimi təqdim edir, talışları, ləzgiləri, tatları və digərlərini olduğundan xeyli az göstərir. Nəticədə dövlət titul xalqin sayini digər etnik xalqların sayını azaltmaq hesabına artırır. Qorxu və basqı altında olan insanların bir qismi ümumi və bəzən də təhlükəsiz hesab etdikləri "azərbaycanlı" termininə üstünlük verirlər.

Biz, aşağıda imza edənlər dövlət orqanlarını bu nöqsanı aradan qaldırmağa, Azərbaycanın etnik palitrasını daha dolğun açan terminlərdən istifadə etməyə çağırır və eyni zamanda demokratik ictimaiyyətimizin diqqətini bu vacib hadisəyə cəlb etməklə ona düzgün qiymət verməyə çağırırıq.

Vətənimizin etnik zənginliyi bizim sərvətimizdir və onu gizlətmək yox, nümayiş etdirmək lazımdır. Ümid edirik ki, siyasi və ictimai təşkilatlar, mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri bizim müraciətimizi dəstəkləyəcəklər.

Tanrı Azərbaycanı qorusun!

Hörmətlə,

Eldəniz Quliyev (Eldaniz Quliyev), 
Hikmət Hacızadə (Hikmet Hadjy-zadeh),
Mətləb Mütəllimli (Matlab Mutallimli), 
Vidadi Mirkamal (Vidadi Mirkamal), 
İltifat Rəhimzadə (Iltifat Rəhimzadə), 
Namizəd Səfərov (Namizad Safarov),
Mehdibəy Səfərov (Mehdibəy Səfərov), 
Hilal Məmmədov (Hilal Mamedov), 
Əli Ağayev (Ali Aghayev), 
Ataxan Əbilov (Ataxan Abilov), 
Saday Şəkərli (Saday Şəkərli), 
Seyran Rəfiyev (Seyran Rafiyev)


tolishstan.com
Category: SIYASƏT | Views: 73 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $