search
menu
person

NEWS AND UDATES


23:33
İNSAN OLSAQ YETƏR “Tolışon Sədo” N: 115
 

92 molla

İNSAN OLSAQ YETƏR

Deyirlər ki, Ərəb xəlifələrindən biri ölkədə ərəb dilindən qeyri-bir dildə danışmağı yasaqlayır. Əhali öz aralarında ancaq ərəb dilində danışmaq zorunda qalır. Əhalinin arasında gəzən “çoğollar” kimsəni qeyri dildə danışan görən kimi əmniyyət idarəsinə məlumat verər, həmin adamlar camaatın gözü qarşısında şallaqlanardılar, bəziləri bu şallaqlanmaya dözməz, elə meydancada keçinərdilər. Əhali, bizim prezident aparatında oturan bir məmurun dediyi kimi, öz dillərində ancaq “mətbəxdə” danışa bilirmiş, hətta qardaş-qardaşın evinə qonaq gedəndə ərəbcə danışırmışlar. Nə başınızı ağradım, xəlifə bir gün səyahətə çıxır və bir kəndin yanından keçəsi olur. Kəndin kənarında bir dəstə uşağın oynadığını, uşaqların onların süvari dəstəsini görüb qaçdığını, lakin bir uşağın qaçmayaraq xəlifənin süvari dəstəsini seyr etdiyini görür və atlılardan birini həmin uşağı yanına gətirmək üçün uşağın yanına göndərir. Uşaq qorxmadan, çəkinmədən atlıya qoşulub, xəlifənin yanına gəlir. Xəlifə uşaq ilə bir az sorğu-sual edəndən sonra uşaqdan böyüyəndə kim olacağını soruşur. Uşaq çəkinmədən “xəlifə” cavabını verir. Xəlifənin ətrafındakılar bir xeyli gülürlər, amma xəlifə gülmür, uşağın bu sözü necə inadla dediyi onun nəzərindən qaçmır. Xəlifə uşağa daha bir sual verir: – Bala, xəlifə olub neyləyəcəksən ki? Uşağın cavabı xəlifəni iti qılınc kimi kəsir:

– Xəlifə olub, xilafətimdə bütün dillərdə danışmağa icazə verəcəm, çünki analar öz yavruları ilə öz dilində danışmalıdı, bunu qadağan edənin çox guman ki, ana sevgisi olmayıb, amma bir müddət ərəb dilində danışmağı da qadağan edəcəm, onda ərəb uşaqlar bizim nələr çəkdiyimizi bilərlər…. Amma bu müddət uzun olmaz, çünki onda ərəb analarının ahı məni tutacaq.

Araya müdhiş bir sükut çökür, xəlifə uşağı öz yerində otuzdurub, kənd əhlini hüzuruna çağırtdırır, kənd əhli ilə saray əyanlarını uşağın qarşısında təzim etməyə məcbur edir və uşağa buyurur:

– Sən artıq xəlifəsən, ver fərmanıvı, amma ərəb dilini də qadağan etmə, ərəb balalar da.yazıqdırlar

Uşaq xilafətdə bütün dillərdə danışmağa icazə verdiyini bəyan edir və xəlifə mirzəsinə dərhal belə bir fərman yazdırıb, möhürlədir. Çaparlar xəlifənin yeni fərmanını bütün xilafətə yaymaq üçün yola düşürlər.

Deyirlər ki, …bax bu deyirləri yazımın sonunda yazacam…..

 

NOVRUZ “MALXULƏLƏRİ”

 

“Azərbaycan kürdləri” ictimai birliyi Talış Mədəniyyət Mərkəzi olaraq bizi 21 martda təşkil etdikləri Novruz bayramı şənliyinə dəvət etdilər. Şənlik çox yüksək səviyyədə təşkil olunmuşdu, zalda Azərbaycan bayrağı ilə yanaşı kürd xalqının milli bayrağı da asılmışdı. Bir-birindən maraqlı çıxışlar, biri-birini tamamlayan müsiqi nömrələri insanın ovqartını açırdı. Bizə də söz verdilər, öz təbriklərimizi çatdırıb söz də dedik, Talışın Milli Ruhu Əli Nasirin “Giləvo” mahnısının sədaları altında qol götürüb, oynadıq da. Elə zaldaca istər-istəməz çorta getdim: biz niyə belə bir şənlik təşkil edə bilmirik? Adım kimi əminəm ki, bu şənliyi kürd iş adamları təşkil etmişdi, bizim də bəzi iş adamları talışın dilinin yaşaması üçün müəyyən məbləğdə yardımlar edirlər, bəzən bu məbləğlər heç də kiçik rəqəm olmur, məsələn “Kral Şir” cizgi filmini professional səviyyədə dublyaj edib, Novruz bayramı ərəfəsində talış balalarına hədiyyə etmək üçün böyük məbləğdə pul vəsaiti sərf olunub və biz bu vəsaiti dublyaj edənlərə göndərən şəxsə – Litvada yaşayan iş adamı, elə də güclü imkana malik olmayan Kamal Zülfiyevə sonsuz dərəcədə minnətdarıq. Amma… amma istər Azərbaycanda, istər Rusiyada, istərsə də dünyanın başqa ölkələrində elə iş adamlarımız var ki, varidatlarını vaqonlara yükləsək, bir eşalon onlara bəs eləməz, amma di gəl ki, öz ana dillərinin yaşaması, inkişafı üçün bir manat belə xərcləməzlər. Amma mənasız yerlərə, şənbazlığa, özünü göstərməyə yüz minləri xərcləyib, heç “ufff”da demirlər. Biri toyuna Türkiyədən müğənni gətirəndə, o birisi hökmən Avropadan gətirməlidir, nə olsun ki, milyonlar xərclənir, “зато” adı var, sanı var. Nə olsun ki, milləti, dili, mədəniyyəti aradan gedir, “зато” özü ilə eyni ağılda olanların yanında “блаты” qalxır, hələ üstəlik min dərədən su gətirib, özünü “avtoritet” olan millətlərə calayanı da olur. Biz, əlinə beş manat pul gəlmiş və ya vəzifəyə irəli çəkilmiş talışlar, 95 faiz buyuq! Biz hələ də başa düşə bilmirik ki, biz özümüz-özümüzə yadlaşdıqca kiçilirik, ŞİR idik, millətimizə, dilimizə asi olduq, kiçildik kıtı olduq, kiçilə-kiçilə də gedirik. Artıq aramızda muşları, moraları da görmək olur. Bu gedişlə – dilimizə, mədəniyyətimizə olan məhəbbəti pula, vara, dövlətə olan məhəbbətlə əvəz etdikcə – biz yox olmaq təhlükəsi qarşısındayıq. Bu təhlükəni ancaq bir şey aradan qaldıra bilər: körpələrimizin talış dilinə olan məhəbbəti.

 

TALIŞ KÖRPƏLƏRİ

 

Talış mahalındakı məktəblərin ibtidai siniflərinin birində müəllim sinifə xitab edir: Kim “Ana Dili” dərsini hazırlayıb? Bütün sinif əlini qaldırır, bircə sinifin əlaçısı əlini qaldırmır. Müəllim həmən uşağa səslənir və aralarında belə bir dialoq olur:

– Səsani, balam, tapşırığı eləməmisən?

– Eləmişəm müəllim.

– Bəs onda əlivi niyə qaldırmadın?

– Müəllim, siz soruşduz ki, kim ana dili dərsini edib, bu mənim ana dilim deyil axı.

Daha sonra Səsani başını aşağı dikərək, davam edir:

– Bizə niyə anamızın dilində dərs keçmirlər axı?

Hər qadağanın bir mənfi, əks-zərbə olacaq tərəfi olduğu kimi Talış mahalında əksər məktəblərdə talış dilində dərs saatlarının “məktəb şurasının qərarı” ilə ləğvi öz mənfi tərəfini göstərir. Artıq uşaqlar daha radikal böyüyürlər və onlarda şüuraltı “ana dilimizi xilas edək” fikri formalaşır. Masallı şəhərində sinifdə “talış dili ilə haracan gemək olar ki?” deyən talış kökənli müəllim səhərisi gün sinifə girəndə lövhədə talişin milli bayrağini görür və “bunu bura hansı vicdansız çəkib, çıxsın bayıra” deyir və… sinifin bütün uşaqlarının sinifdən çıxdığına şahid olur. Maraqlı olan odur ki, sinifdəki şagirdlərin 80 faizindən çoxunun valideyinləri özlərini talış saymasalar da, (onların arasında icra strukturunda işləyənləri, “biz Şamaxıdan gəlmişik” deyənləri də var) sinif uşaqları hamısı özünü talış sayır. Bu tendensiya Masallıdan başlayıbsa, üzü yuxarı da gedəcək. Bəs bunun qarşısını necə almaq olar? Ümumiyyətlə bu tendensiyanın qarşısını almaq olarmı? Təbii ki, olar. Ləzgi dili dərsləri buna əyani sübutdur. Bilirik ki, ləzgi dili 1-ci sinifdən başlayaraq 9-cu sinif də daxil olmaqla, orta məktəblərdə tədris olunur. Yəni ləzgi balası üçün qadağa yoxdur, o, özünü təsdiq etmək barədə düşünmür. Amma talış balası məktəbdə qadağanı görür, sonra CənubTV kanalında qadağanı görür və onda istər-istəməz “özünü təsdiq” sindromu baş qaldırır və bu gün bu cür gənclərin sayı on minlərlə ölçülür. Əlbətdə ki, talış dili bütün məktəblərdə 9-cu sinif də daxil olmaqla tədris edilsə, regional kanal olan Cənub TV-də günün bir neçə saatında talış dilində əyləncəli, intellektual verilişlər verilsə, Lənkəran Dövlət Universitetində “multikulturalizm” şöbəsinin yerinə “talışşünaslıq” şöbəsi yaradılsa, mərkəzi televiziya və radio kanallarında talış dilində gündəlik verilişlər verilsə və bütün bunları görən, bütün bunlarda iştirak edən, özünü göstərən talış məktəblisində heç bir kompleks yaranmaz. Yəni Avropa ölkələrinin istifadə etdiyi bu modeli Azərbaycana gətirmək çoxmu çətindir? Məncə çətin deyil, sadəcə buna istək lazımdır və bir də… insanlıq, yəni başqasının haqqını tanımaq, həmən haqqa hörmət etmək, vəssalam. İnsan olmaq kifayətdir ki, Azərbaycan daimi əmin-amanlıqda yaşasın…

 

FƏXRƏDDİN ƏBOSZODƏ

 

Tez-tez məndən Fəxrəddin müəllimin durumu haqqında soruşurlar, cavab verməyə çətinlik çəkirəm, çünki Fəxrəddin müəllimin hansı durumda olması barədə tam məlumatsızam. Fəxrəddin müəllimin yaxınları, doğmaları mənimlə əlaqə qurmadıqları və mənim də onların koordinatlarından bixəbər olmağım səbəbindən mən Fəxrəddin müəllimin durumu barədə ancaq 3-cü şəxslərdən eşidirəm. Ümumi sözlərə inansaq qardaşları mütəmadi olaraq Fəxrəddin müəllim ilə görüşürlər, hətta onu vəkil ilə də təmin ediblər, amma istintaq harada aparılır, hansı suallar meydana yatırılır – bu barədə dəqiq heç bir məlumat yoxdur və çox guman ki, heç vaxt da olmayacaq, çünki Fəxrəddin müəllimə elan edilmiş ittihamlar istintaq dövründə hər hansı bir məlumatın istintaq otağından çıxmasını yasaqlayır, yəni həm vəkil, həm də müstəntiq istintaq sirrlərini yaymamaq haqqında iltizamnamə vermiş olurlar ki, bu iltizamnaməyə əsasən onlar istintaq barədə kənar şəxslərə məlumat verə bilmirlər. Amma ümumi məlumatlar belədir ki, Fəxrəddin müəllimin sağlamlıq durumu yaxşıdır, ona qarşı heç bir qeyri-etik davranışlar sərgilənmir. Amma bu məlumatlar həqiqəti nə qədər ehtiva edir – mən bu barədə heç nə deyə bilmərəm. Xıdo qapısını açsın, əgər müdafiə komitəsi yaradılarsa və mənim də hər hansı köməyimə ehtiyac duyulacaqsa – mən hazır.

P.S. Deyirlər ki, saraya qayıdan xəlifə sarayında yüksək vəzifədə olan bütün əcəmləri (qeyri-ərəbləri) cəzalandırır ki, hamınız milli mənliyinizi pula, vəzifəyə satmısız, birinizdə o uşaqdakı milli təəsübkeşlik olmadı ki, məni başa salasız ki, verdiyim fərman yanlış fərmandır…

P.S.S. Çoxlu iradlar gəlir ki, niyə talış dilində yazmıram, mən də hesab edirəm ki, talış dilində dərc edilən qəzetin bütün materialları talış dilində olmalıdır, amma daimi oxucularımız var ki, talış dilini yaxşı bilmirlər, daimi oxucularımız var ki, talış deyillər və ən əsası: gənclərimiz yazının məğzini talış dili ilə nisbətdə azərbaycan dilində daha tez tuturlar…

“Tolışon Sədo” N: 115

Category: XƏBƏRLƏR | Views: 62 | Added by: tmmrtalish | Tags: “Tolışon Sədo” N: 115 | Rating: 0.0/0
Total comments: 0
avatar