21:19
MAĞARA TƏFƏKKÜRÜ

MAĞARA TƏFƏKKÜRÜ

 

Ələt yolunda böyük tıxac - FOTOLAR Ayna.az

MAĞARA TƏFƏKKÜRÜ

Dekabrın 30-da Bakı-Ələt yolunda yaradılmış xüsusi karantin postunda bir daha əmin oldum ki, bu məmləkətdə bəzi məmurların, təşkilatların, nazirliklərin idarəetmə sisteminin qadı, qayəsi mağara təfəkkürünə söykənən “dedi-qodu” idarəetmə sistemidir. Bir həftəyə yaxın idi ki, əhali arasında “Türkiyədə bayram günləri sərt karantin rejimi tətbiq olunacaq, bizdə də gözlənilir” dedi-qodusu geniş müzakirəyə səbəb olmuşdu. Sözün düzü mən dövlət rəsmiləri tərəfindən verilmiş qərarlara istinad edərək, yəni dövlətimin təyin etdiyi məmurların Qanunun aliliyinə söykəndiklərinə güvənərək, bu dedi-qodunu şaiyədən başqa bir şey saymadım və opponentlərimin “arvadlar deyirsə, demək elə də olacaq” israrına “arvadlar Nazirlər Kabineti və ya operativ qərargah deyil ki, onların dediyi olsun, faktiki belə bir qərar yoxdur” “məntiqi” ilə cavab verirdim. Amma Ələtdəki karantin postunda bir daha əmin oldum ki, Operativ Qərargahı məntiqlə yox, dedi-qodu ilə idarə edirlər…

Yazımda xətaya yol verməmək üçün ilk olaraq təzədən Nazirlər Kabinetinin internet səhifəsini (bax: https://nk.gov.az/az/article/1282/ ) vərəqlədim. 19 dekabrdan 31 dekabracan verilmiş bütün qərarları yenidən nəzərdən keçirtdim, üstəlik hər ehtimala qarşı internetdə bu barədə axtarış da apardım, bər ehtiyat Daxili İşlər Nazirliyinin press-relizlərini də oxudum, (bax: https://www.mia.gov.az/?limited/az/ ) heç yerdə 30 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixinədək icaze.e-gov.az portalının işləməyəcəyi, rayonlara gediş-gəlişin ancaq yaşayış yeri qeydiyyatı üzrə təmin ediləcəyi barədə qeydə, qərara, sərəncama rast gəlmədim, belə olan təqdirdə maraqlı sual meydana çıxır: Ələtdəki karantin postundakı “geri qaytarmalar”ın səbəbi nə ola bilərdi ki?

Bu səbəbi araşdırmaq üçün elə həmin karantin postundan 30 dekabr 2020-ci il tarixdə, saat 08:47-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, respublikada tətbiq edilmiş və 30 dekabr – 02 yanvar tarixlərini əhatə edən “xüsusi qadağa rejiminin” tətbiq edilməsi barədə əvvəlcədən əhalini niyə xəbərdar etmədikləri ilə maraqlandım. 102-nin xanım operatoru mənə bildirdi ki, Ələtdəki geri qaytarmalar Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə həyata keçirilir və Daxili İşlər Nazirliyi sadəcə verilmiş tapşırığı yerinə yetirir və Operativ Qərargahın 0125908020 telefon nömrəsini mənə təqdim etdi ki, məni maraqlandıran suallara oradan ətraflı cavab alım. Mən 08:49-da həmin qeyd edilmiş nömrəyə zəng etdim, telefonu cavan bir kişi götürdü, mən özümü təqdim etsəm də, o, özünü təqdim etmədi və mənim “əgər Operativ Qərargahın belə bir Qərarı var idisə, niyə əhalini əvvəlcədən xəbərdar etməmisiniz?” sualıma “bir həftədən çoxdur ki, internetdə bu barədə yazırıq” kimi mücərrəd cavab verdi və növbəti sualımı ağzımda qoyaraq telefonu qapatdı. Başa düşdüm ki, bu insanlar sivil idarəçilikdən kənardılar, bunlar hələ də mağara təfəkkürü ilə yaşayırlar, əhaliyə xüsusi xəbərdarlıq edilmədən, məxfi və üstəlik şifahi qərar ilə minlərlə insanı incidərək, öz cəzasızlıqlarından həzz alacaq qədər harındırlar. Mən zatən bir çox məmurların kreslo görüb, harınlaşmasının şahidi olmuşam, zaman-zaman həmin məmurları mətbuatda təkzibedilməz faktlarla iynələmişəm, amma onların heç biri əhalini incitdiyinə, əhaliyə qarşı qeyri-insani qərar vermələrinə görə cəzalandırılmadı, əminəm ki, Operativ Qərargahın da bu qərarı vermiş harın və özünütanımaz məmuru və ya məmurları cəzasız qalacaqlar, nə olsun ki, minlərlə insan onun və ya onların “məxfi” qrifli “şifahi qərarı” ilə əziyyətə düçür oldular, hə, nə olsun? Qərardıda, ola bilsin səhv veriblər, əhali bir az onun və ya onların səhvlərindən narahat olublar, hə, nə olsun? Burda nə ciddi bir şey var ki? İş olan yerdə səhv də olar, xəta da, əsas odur ki, iş getsin və ya işin getdiyi görüntüsü yaradılsın, işin getdiyini göstərən ən yaxşı görüntü isə Ələt postundakı kilometrlərlə uzanmış tıxac idi, bu görüntünü isə görməyən olmadı, hamı gördü və hamı da Operativ Qərargahın “işlədiyini” bildi, nə olsun ki, onlar hələ də mağara təfəkkürü ilə işləyirlər, əsas odor ki, kişilər iş başındadırlar, nə olsun ki, bu cür “işdən” on minlərlə insan əzab-əziyyət çəkir, boş şeydir, əsas odur ki, mağara təfəkkürü ali insan təfəkkürünü yenə bildi…

…Mən isə adım kimi əminəm ki, Operativ Qərargahın bu özbaşınalığı cəzasız qalacaq, necə ki, əvvəllər bu tipli qərarlar vermiş idarə, komitə və nazirliklər cəzasız qalmışdılar…

Rafiq Cəlilov

Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri, “Tolışon Sədo” qəzetinin baş redaktoru

Category: Sİyasət | Views: 106 | Added by: tmmrtalish | Tags: Rafiq Cəlilov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: