search
menu
person

NEWS AND UDATES


11:57
MÜSAVATIN IÇ ÜZÜ ( 2)
   Demokratların tərifləyib az qala Ənuşirəvan əyyamı kimi təqdim etdiyi və olduqca gülünc haldır ki cəmi 23 ay, hətta bəzi qəzalarda bir neçə ay davam etmiş ingilis-müsavat işğalı zamanı Azərbaycan kəndlisinə sözün əsl mənasında heyvani münasibət hökm sürmüşdü. Müsavat istibdadı zamanı yığılan verginin məbləği hətta Çar müstəmləkəçiliyi dövrü ilə müqayisədə düz 4 dəfə artırılmış, məhsulun 70%-i icarə haqqı kimi mülkədarların, bəylərin ixtiyarına verilmişdi. Bundan əlavə osmanlı-alman və ingilis işğalçı qüvvələrinin saxlanılması da yerli əhalinin üzərinə qoyulmuşdu. Osmanlı paşaları ümumi məhsulun 1/10-ini zəkat adı altında kəndlilərdən müsadirə edirdilər, reallıqda isə daha çoxunu zorla alıb aparırdılar. Müsavat-ingilis işğalı zamanı qəzalarda hər il on minlərlə insan aclıqdan tələf olduğu halda, ölkənin taxılı ingilis paraxodlarıyla Ənzəliylə, həm də zorla müsadirə olunaraq daşınırdı. Azərbaycan kəndlisi, fəhləsi çörək tapmayanda müsavatçı bəylər ingilis atlarını Bakıda kişmişlə bəsləyirdilər. Müsavatçı bəylərin istibdadı zamanı mülkədarlar kəndlidən dinməver, bilməver və s. adlar altında onlarla adda vergi toplayırdılar. Bundan əlavə bəylər kəndlidən toypulu, bayrampulu toplayır, həftənin müəyyən günlərini heç bir haqq vermədən müftə işlədirdilər (biyar). Həmçinin əhalidən, o cümlədən kəndlilərdən darğapulu, pristavpulu və s. yığılırdı, belə ki Müsavat öz məmurlarına maaş vermir, əvəzində həmin məmurlara öz şəxsi ehtiyaclarını təmin etmək üçün əhalidən vergi toplamaq haqqı verirdi. Onlar isə bundan istifadə edib əhalinin axırıncı tikəsini də əlindən alırdılar.
 Müqayisə üçün deyək ki, müsavat bəyləri zamanı Azərbaycan kəndliləri hər il mülkədarlara və xəzinəyə torpaqdan istifadə haqqı kimi 600 milyon manat vergi verirdilər. Hansı ki 1920-ci il mayın 5-ində Sosialist Respublikası kəndliləri həmin vergi yükündən birdəfəlik azad etdi, bundan əlavə kəndlilərin varlı mülkədarlara yığılıb qalmış 575 milyon manatlıq borcları da tamamilə silindi. Görəsən kəndli Sovet hökumətinin nəyindən narazı qalmalıydı ki? Sovet hökuməti zamanı kəndli illik cəmi 5 milyon manat vergi verirdisə, Müsavat dövründə təkcə torpaqdan istifadəyə görə toplanan vergi qeyd etdiyimiz kimi 600 milyon manat təşkil edirdi. Bu müqayisədən nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxırıq. Bəs müsavat oyuncaq hökumətinin 1919-cu ildə Öksüzlü, Qovlar, Sarılı, Xılxına, Yuxarı Ayıplı kəndlilərini yerli bəylərə (bəy Sultanovlara, Böyük ağa Qarabəyovlara, bəy Zülqədərovlara) 2 milyon manat cərimə ödəməyə məcbur etməsinə necə, hansı adı qoyaq? Bu hələ ancaq 4 kənddən yığılan cəriməydi- müsavatın qəbul etdiyi qərara görə üsyan etmiş bütün kəndlilər və qəzalar yerli bəylərin xeyrinə (guya onların əmlakına, əkin və bağlarına ziyan vurublar bəhanəsiylə) on milyonlarla manat cərimə ödəməyə məhkum edilmişdilər. Nəzərə alın ki, kəndlinin belinə yüklənmiş bu cərimələrin vergilərə aidiyyəti yox idi- vergi ayrıca bir bəla idi. 
 Bəzi mətləblərə aydınlıq gətirək və qoy hər bir oxucu özü müstəqil qərar versin: sadə Azərbaycan insanlarına “milli-qıllı” Müsavat hökuməti sərf edirdi, yoxsa fəhlə-kəndli Sovet hökuməti?
 1918-20-ci illərdəki Müsavat irticası vassallığının- ingilis işğalının acı mənzərəsini Qızılhacılı kənd sakinlərinin məktubu aydın göstərir. 21 aprel 1919-cu ildə Qızılhacılı kəndliləri Müsavat Parlamentinə məktublarında yazırdılar: “...Təcrübəsiz və savadsız olmağımızdan istifadə edərək yerli bəylər pay torpaqlarımızı hissə-hissə əlimizdən alırdılar. Nəhayət üsyandan sonra 1915-ci ildə Çar məhkəməsi torpaqlarımızın geri qaytarılması barədə qərar çıxardı. İndi isə hakimiyyət başında duran rəislər bəy və xanların tərəfini saxlayıb pay torpaqlarımızı əlimizdən alıb yenidən bəy-xanlara verirlər. Ən dəhşətlisi isə budur ki, bir tərəfdən rəislər torpağımızı alıb bəy-xanlara verirlər, digər tərəfdən isə həmin torpaqlara görə bizdən müxtəlif vergi və töycülər alırlar, vergiləri bir az gecikdirən kimi isə qamçı və dəyənəyi işə salır, ev-eşiyimizi qarət edirlər. Bu barədə təcili və qəti tədbir görməyiniz xahiş olunur. Azca yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparacaq. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur”. Müsavat-ingilis vassallığı dövründə Azərbaycan kəndinin mənzərəsi, Azərbaycan kəndlisinin vəziyyətinin acınacaqlı tablosu belə idi.
 Müsavat dövrünün sənədlərini araşdırarkən kəndlilərin yüzlərlə şikayət məktublarına rast gəlinir ki, bu məktublarda onlar torpaqlarının bəylər tərəfindən ələ keçirildiyindən şikayətlənirlər və kömək istəyirlər. Təkcə Qızılhacılı kəndində kəndlilərin ixtiyarında olan təqribən 4 min hektar, Göyçay qəzasının Bəydovul kəndində 1000 hektar əkin sahəsi yerli bəylər tərəfindən ələ keçirilmiş, amma qəsb faktı Müsavat rəisləri tərəfindən qeyri-qanuni şəkildə “sənəd”ləşdirilmişdir- belə hallar demək olar ki, bütün qəzalarda yaşanmaqdaydı. Müsavat dövrü sənədlərinin çoxunda kəndlilər hətta Çar məhkəməsinin belə kəndlilərin hüququnu müdafiə etdiyi halda Müsavat məhkəmələrinin əksinə, həmişə kəndlilərin əleyhinə, bəylərin isə xeyrinə qərar verməklərindən şikayətlənirlər. Bu isə “milli” hökumətin öz millətinə düşmən münasibətinin ifadəsiydi.
 Müsavat bəylərinin ağalığı vaxtı kəndlilərin pay torpaqlarını zəbt edərək şişən qolçomaqlar 1930-cu ildə bu torpaqların guya onların ata-baba mülkləri olduğunu iddia edir və kollektivləşməyə müqavimət göstərirdilər. Halbuki qolçomaqlar kənd burjuaziyası olmaq etibarilə 1870-ci il islahatlarından sonra meydana gəlmiş, kəndlilərin pay torpaqlarını ələ keçirərək qısa müddət ərzində böyük mülk sahibləri olmuşdular. Cəmi 50-60 illik tarixi olan qolçomaqlar sinfi özlərini elə aparırdılar ki, guya Allah dünyanı yaradanda bu torpaqları sənədlə, möhürlə onların ulu babalarına təhkim edibmiş. Maraqlı məqamlardan biri də odur ki, Müsavat dövrü sənədlərini araşdırarkən heç elə bir sənədə rast gələ bilməzsiniz ki, kəndlilərin şikayətinə müsbət cavab verilsin. Şikayətlərə ən yaxşı halda bir neçə aydan sonra, əsasən də “Sizin ərizəniz əsassızdır” və ya “Şikayətinizə torpaq islahatları keçiriləndən sonra baxılacaq” cavabı verilirdi. Hansı ki bu islahat heç vaxt keçirilmədi və keçirilə də bilməzdi, çünki Parlamentin 85%-i qolçomaq, bəy və mülkədarlardan ibarət idi. Məhkəmələrdə oturanlar hamısı bəy nəslinin təmsilçiləriydi. Belə olan halda kasıb kəndlinin şikayətinə kim müsbət baxacaqdı ki?
 Qızıl pul hesabıyla Müsavat hökumətinin yoxsul kəndlilərdən varlı bəylərin xeyrinə müsadirə edib topladığı cərimə milyonlarla manat təşkil edirdi. Bu hələ cərimələr idi- dediyimiz kimi vergi bir ayrı həngamə idi. Vergilərdən, toypulundan, bayrampulundan, darğa pulundan, pristav pulundan, dinməverdən, bilməverdən danışmalı olsaq, onda müsavatin mənəvi varisləri olan indiki demokratların danışmağa gərək dili olmaya! Müsavat vaxtı kəndli evlənib arvadıyla yatağa girmək üçün ağasına toypulu verməliydi. Yox əgər ağa evlənirdisə, -hansı ki onlar da 4-5 dəfə evlənirdilər-, toyun bütün xərci kəndlilərin üzərinə qoyulurdu. Özü də toy ağa toyu ola! Təkcə ağayla kifayətlənsən nə var ki; ağanın övladları oldu- “sovqat”, “bəxşiş” aparılmalısan. Ağa da bir deyil, beş deyil- müsavatın “dövlət” qulluqçusu olan hər bir məmuru pristavından, kəndxudasından, müstəntiqindən hakiminə, qubernatoruna kimi hamısı ağaydı-, hamısının xərci, təminatı kasıb kəndlinin, yoxsul əhalinin boynundaydı.
 Araşdırmalar göstərir ki, Sovet vergi sistemi dünyada ən ədalətli sistem olmuşdur. Belə ki Sovet İttifaqının dövlət büdcəsinin cəmi 8,7%-i əhalidən yığılan vergi əsasında formalaşırdı, inkişaf etmiş kapitalıst dövlətlərində isə anoloji göstərici 50-60%-dən yuxarıdır. Məsələn, Almaniyada ortastatistik bir alman vətəndaşı qazandığı hər 1 avronun 52%-ni vergi şəklində dövlətə ödəyir. ABŞ-da isə milyardlarla kapital dövriyyəsi olan şirkətlər “vergi sığınacaqları” hesabına (vergidən azad olunmuş xüsusi zavodlarda filiallar təsis edib bütün mənfəəti həmin filialın üzərinə sənədləşdirirlər, nəticədə qazandıqları milyardlardan vergi vermirlər) mənfəətdən ödəmələr etməkdən yayınırlar. Ya da xeyriyyə fondu yaradırlar, bütün pulları bu fondlara transfer edirlər və qanuna görə xeyriyyə fondlarından vergi tutulmadığına görə yenə də milyardlarını vergidən sığortalayırlar. Elə götürək üçrəngli bayrağı olan Azərbaycan Respublikasını: büdcədə milli burjuaziyanın (iqtisadiyyatın 85%-i onların əlindədir) payı illik 1 milyard dollardır, amma maraqlıdır ki adi maaşa xidmət edən sıravi vətəndaşlar da təqribən öz maaşlarından 1 milyard dollar vergi verirlər. Belə çıxır ki, azəri fəhlə milyonçudan daha çox vergi ödəyir. Liberallar Sovet vergi sistemini yox, məhz belə vergi sistemini ədalətli hesab edirlər.
 1919-cu ildə Azərbaycanda əkilən torpağın 98,2%-i varlı mülkədar təsərrüfatlarına məxsus idi, halbuki həmin varlı mülkədarlar, qolçomaqlar sinfi kənd əhalisinin heç 1%-ni də təşkil etmirdilər. 1 milyon hektar ərazi, hansı ki Sovet vaxtı sovxoz və kolxozların balansında olan torpaq fondunun az qala 70%-inə bərabər idi, sadəcə 195 mülkədar ailəsinin mülkiyyətindəydi. Böyükağa Zülqədərovların 30 min hektar torpağı var idi ki, bu da orta ölçülü bir rayonun əkin sahəsinə bərabərdir. Demokratların geninə-boluna danışdığı “mülkiyyət hüququ”, “torpağa sahiblik hüququ” ancaq bu bir ovuc bəyin, xanın sahib olduğu imtiyaz idi. Ondan lüt, ac-yalavac Azərbaycan kəndlisinə nə? Kəndlinin çarəsi qalırdı varlı bəyin təsərrüfatında muzdurluq etməyə- muzdurun isə daxmadan və bir çətən külfətdən başqa heç nəyi olmazdı. Bir tikə çörək yeməkdən ötrü bütün ailə-uşağını bəyə nökərçiliyə, qulluqçuluğa verərdi! Başqa sözlə, Sovet hökuməti qurulana qədər kəndlinin nəinki torpaq üzərində sahiblik, mülkiyyət hüququ yox idi, hələ üstəlik heç öz ailəsinin də sahibi deyildi. Əgər ağaya borcun var idisə, vəssalam, bütün ailə ağaya nökərçiliyə verilməliydi! Azərbaycan kəndlilərinin mülkədarlara qızıl pulla 575 milyon manat borcu var idi. Bu borcu əldə rəhbər tutan ağalar kəndlini ailəsiylə birlikdə girova çevirmişdi- bütün külfət ağanın sərəncamında idi! Deməli kəndli faktiki olaraq ağadan, həm da şəxsi asılı idi. Sovet hökuməti qurulan kimi cəmi bir dekretlə kəndlilərin ağalara olan borcunu ləğv etdi- deməli ləğv edilən ancaq borc deyildi, həm də kəndlinin faktiki şəxsi asılılığı da ləğv edildi.
 Bu gün liberallar kəndlini ailəsi qarışıq borc kəndiriylə özünün girovuna, danışan əşyasına çevirmiş mülkədar-mülkiyyət münasibətlərinı bizə “istiqlal”, “milli” və s. rənglərlə boyayaraq yaxşı hal kimi sırımağa çalışırlar. Amma qoy oxucu özü nəticə çıxarsın: Müsavat zamanı əgər əkilən torpağın 98,2%-i mülkədar təsərrüfatlarına aid idisə, onda torpaqsız Azərbaycan kəndlisinin hansı mülkiyyət, sahiblik hüququ ola bilərdi ki? Sovet hökuməti qurulandan dərhal sonra mülkədarlara məxsus torpaqları müsadirə edib torpaqsız kəndlilərə payladı, həm də kütləvi şəkildə!
 Müsavat-ingilis istibdadı zamanı əkinə yararlı torpaq fondu əsasən varlı bəylərin və iri mülkədarların əlində cəmləşmişdi. Məsələn, müsavatçı bəy Şahmalıyevlərin 80 min hektar torpağı var idi. Müqayisə üçün deyək ki, bu Qusar kimi rayonun əkin sahələrindən 3 dəfə böyük ərazi deməkdir. Rusiya kimi torpaq fondu ilə zəngin ölkədə ən böyük mülkədarların torpaq sahəsi 50 min hektarı keçmədiyi halda Rusiyayla müqayisədə xəritədə barmaq ucu boyda görünən Azərbaycanın mülkədarlarının sərəncamında olan ərazilərin ölçüsü az qala 90 min hektara çatırdı (unutmayın ki bu hələ ancaq bir mülkədara məxsus ərazidir). Nəticədə milyonlarla kəndli torpaqsız qalır və çox ağır şərtlərlə ya icarəyə torpaq götürür becərirdi, ya da muzdura çevrilirdi. Liberalların bəyənmədiyi, “işğalçı” adlandırdığı Sovet hökuməti isə quruluşundan cəmi bir həftə sonra Şahmalıyevlər, Zülqədərovlar kimi torpaq “aclarını” çox haqlı olaraq mülkiyyətdən məhrum etdi- cəmi bir sərəncamla 700 min hektar torpağı müsadirə edərək torpaqsız və az torpaqlı kəndlilərə payladı. 1923-cü ilin sonuna kimi iri mülkədarlardan müsadirə olunaraq torpaqsız yoxsul kəndlilərə paylanan torpağın ölçüsü 3 milyon hektara çatdı. Nəticədə bir neçə yüz mülkədar torpaq hüququndan məhrum edilsə də (baxmayaraq ki Sovet hökuməti onların ailələrinin sərəncamında pay torpaqlarını saxladı) bunun müqabilində milyonlarla yoxsul kəndli torpaq sahibi oldu. Beləcə Sovet hökuməti bircə qəpik də haqq almadan kəndlilərin ixtiyarına milyonlarla hektar əkin sahəsi verdi.
 Azərbaycan kəndliləri yalnız Sovet hökuməti qurulandan sonra ev və torpaq sahibi oldular. Təkcə 1920-23-cü illərdə Sovet hökuməti Azərbaycan kəndlisinə 3 milyon hektar torpaq payladı. Sovet vaxtı kolxoz və sovxozların balansında olan torpaq fondu isə cəmi 1,5 milyon hektar idi ki, bu torpağın da demək olar yarıya qədəri varlı qolçomaqlardan müsadirə edilmiş və sonralar Mil-Muğan və s. səhraların şoran torpağının münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşmışdı. Bu o deməkdir ki, kolxoz və sovxozların torpaq fonduna kəndlilərin (qolçomaqlar xaric) ən çoxu bir neçə yüz min hektar torpağı daxil edilmişdi ki, bu da 1920-ci illərdə Sovet hökumətinin torpaqsız və aztorpaqlı kəndlilərə paylamış olduğu 3 milyon hektar torpaq fondunun cüzi hissəsini təşkil edir. Başqa sözlə, kəndlidən 10-15% torpaq alınıb kolxoza qatıldısa da, 85-90% torpaq fondu yenə də kəndli ailələrinin şəxsi istifadəsində qaldı. Kolxoza verildi dediyimiz bu cüzi faiz torpaqlar isə sonralar tədricən əhalinin şəxsi istifadəsinə qayıtdı, çünki kolxoz və sovxozlarda işləyən və təzə ailə quran hər bir gəncə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilirdi (ev tikmək və həyətyanı şəxsi təsərrüfat üçün). Əgər nəzərə alsaq ki, 1920-ci ildən 1991-ci ilə kimi Azərbaycanda kənd əhalısının sayı 1,5 milyondan 4 milyona çatmışdı, onda görərsiniz ki yüz minlərlə, milyonlarla gənc kəndli ailələri qurulmuş, bunun da hər birinin şəxsi istifadəsinə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilmişdir- bu da yüz min hektarlarla torpağın kolxoz və sovxozların dövriyyəsindən çıxarılaraq kəndli həyətlərinə verilməsi demək idi. Gənc nəsil unutmamalıdır ki, müasir azərbaycanlıların yaşadığı şəxsi evlər məhz Rusların qurduğu Sovet hökuməti sayəsində onlara nəsib olmuşdur. Müsavatın ümidinə qalsaydı, indi Azərbaycanda da Türkiyədəki kimi şəxsi evi olan adam yox idi.
 Kolxoz və sovxozların torpaq fondu əsas etibarilə varlı mülkədar, qolçomaq mülklərindən edilən müsadirələr və yararsız torpaq sahələrinin münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşırdı. Varlı sinif isə Azərbaycan kənd əhalisinin 3-5%-indən artıq deyildi. Müsavatçıların davamçıları olan indiki demokratların bu 3-5%-i bütün xalqın, kəndin ifadəsi hesab etmələri olduqca mürtəce yanaşmadır. Əgər bu 3-5%-lik varlı təbəqə xalq idisə, Azərbaycan kəndi idisə, bəs Sovet hökumətindən milyonlarla hektar torpağı heç bir əvəz ödəmədən bəxşiş kimi alan milyonlarla kəndlilər kim idi? Belə çıxır ki, milyonlarla insanın nə xalqa, nə Azərbaycan kəndinə aidiyyatı yox imiş- xalq elə kəndlilərin qanını içən həmin Şahmalıyevlər, Zülqədərovlar, Qarabəyovlar və s. imiş ki onları da Sovet höküməti torpaq “hüququndan” məhrum edib. İndilərdə liberal boşboğazlar bu bir ovuc varlı təbəqənin, -hansı ki onların torpaq imperiyası bütün Azərbaycan kəndlilərinin torpaqsız qalması hesabına yaranmışdı,- vəkilliyini edıb buna “ümummilli”, “ümumxalq” işi donu geyindirəndə həmin liberalların təhsilinə (indi təhsilin 70%-i pulludur, amma  Sovet vaxtı “aniçən” Rus azərbaycanlıları pulsuz oxudurdu, təqaüd verirdi və s.) Sovet hökumətinin xərclədiyi pullara adamın heyfi gəlir.
 1919-cu il avqustun 15-indən 27-sinə kimi, cəmi 12 gün ərzində Zaqatala piyada polkundan 100-ə qədər əsgər qaçmışdı və həmin proses demək olar ki hər ay bu qaydada davam etmişdi. Təbii ki müsavat ordusundan qaçanlar çox vaxt silahlarını da özləriylə götürür və qırmızı partizan dəstələrinə qoşularaq yerli bəylərə, müsavat qubernatoruna qarşı vuruşurdular. Məsələn, 1919-cu ildə Şəkidə osmanlı ordusunun keçmiş çavuşu İsmayılın rəhbərliyi ilə “Bəy və xanların hakimiyyətinə ölüm!” şüarı altında müsavat hökumətinə qarşı kütləvi qiyam baş verdi. Üsyanın əsas zərbə qüvvəsi müsavat ordusunda xidmətdən boyun qaçıran gənclər və torpaqsız kəndlilər idi. Qiyamçılar bir-birinin ardınca bütün inzibati binaları ələ keçirir, inadla şəhər mərkəzinə doğru irəliləyirdilər. Qubernator nizami qoşun hissələrini köməyə çağırdıqdan sonra xalq üsyanı zor gücünə yatırıldı. Bakıya qaçmaq rüsvayçılığından son anda canlarını qurtaran müsavat qəza hökuməti üsyançılara və onların ailələrinə qarşı geniş repressiya əməliyyatı həyata keçirdi, yüzlərlə insan öldürüldü və həbs edildi. Müsavat-ingilis işğalçı rejimi Şəkidə ağalığını belə qanlı qətllər hesabına cəmi bir neçə ay sürdürdü. Bir neçə ay ona görə ki belə üsyanlar demək olar hər ay baş qaldırır, yalnız ordu və bəylərin qoçu dəstələrinin üsyançılara qanlı divanından sonra yatırılırdı. Bir tərəfdən yerli bəylərin zülmü, digər tərəfdən torpaqsızlıq və aclıq bölgə əhalisini tez-tez silaha sarılmağa məcbur edirdi. 1919-cu ilin təkcə ikinci yarısında Azərbaycanda çörək 100%, yağ 200%, süd 2 dəfə, yun məhsulları 4 dəfə bahalaşmışdı.
 Liberal camiə 1918-20-ci illərdə Azərbaycanda müstəqil milli dövlətin olduğunu iddia etməklə xalqı aldadır. Sual olunur, əgər belə bir müstəqil hökumət var idisə nə üçün 1919-cu ildə Bakıya gəlmiş İran şahını ingilis generalı qarşılayıb yola salırdı? Bu bir daha nümayişkaranə şəkildə bütün dünyaya, o cümlədən Azərbaycanın guya müstəqilliyini tanımış İran dövlətinə Azərbaycan adlı bu evin sahibinin əslində ingilislər olduğunu göstərmirdimi? Hansı ki 1918-ci il 30 oktyabr “Mudros” müqaviləsində rəsmi şəkildə işğal faktı öz əksini tapmışdır. Ona görə də bütün subyektiv hissləri kənara qoyaraq elmi obyektivlik naminə 1918-20-ci illəri ingilis işğal dövrü kimi xarakterizə etmək və müsavatın sadəcə vassal oyuncaq qurum kimi fəaliyyət göstərdiyini bildirmək daha düzgün olardı. Hər kəs yaxşı bilməlidir ki, 1918-20-ci illərdə Cənubi Qafqazda heç bir müstəqil dövlət olmayıb- bu fakta inanmayanlar “Mudros” müqaviləsinin 11-15-ci bəndlərini oxuya bilərlər.
 Tarixçilər qoy iqtisadiyyatın, sosial həyatın hansısa bir sahəsindən bir dənə statistik fakt təqdim etsinlər ki, müsavat-ingilis işğalı vaxtı hansısa sahədə cüzi də olsa artım, tərəqqi olub. Müqayisə üçün deyək ki, 1913-cü ildə Şəkidə 60 min pud barama istehsal olunmuşdusa, bu göstərici müsavat vaxtı cəmi 2 min pud təşkil etmişdir- yəni 30 dəfə az. Müsavat vaxtı Şəkidə olan ipək manifakturalarının, fabriklərinin hamısı fəaliyyətini dayandırmış, ipəkçilik tamamilə itib getmişdi. 1913-cü illə müqayisədə 1919-cu ildə iribuynuzlu mal-qaranın sayı 57%, camış və atların sayı 75%, xırdabuynuzlu mal-qaranın sayı 49%, əkilən sahələrin miqyası 23% azalmış, 330 min hektar əkin sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Neft emalında 22 dəfə azalma qeydə alınmışdır, neftayırma zavodlarının yarıdan çoxu fəaliyyətini tamamilə, qalanı isə qismən dayandırmışdır. Eyni tənəzzül dalğası sosial-mədəni və maarif sahəsində də yaşanmaqdaydı. Belə ki Çar dövründə Azərbaycanda ibtidai və orta məktəblərin sayı 976, bu məktəblərdə oxuyan şagirdlərin sayı 73 min nəfər təşkil edirdisə, müsavat-ingilis işğalı zamanı anoloji göstərici kəskin surətdə azalaraq cəmi 643 məktəb, bu məktəblərdə təhsil alan şagirdlərin sayı isə 48 min nəfər təşkil etmişdir. Başqa sözlə, müsavat-ingilis işğalı zamanı Azərbaycanda məktəblərin sayı 330 ədəd, şagirdlərin sayı isə 25 min nəfər, yəni 35% azalmışdır.
 Müsavat-ingilis işğalı zamanı Azərbaycan sözün əsl mənasında bölgədə tarixin ən böyük demoqrafik fəlakətiy ilə üzləşmişdir: 1918-20-ci illərdə ölkə öz əhalisinin təqribən 20%-ni, yəni 400 min nəfərini itirmişdir! Əhalinin sayi 2,3 milyon nəfərdən azalaraq 1,9  milyon nəfərə düşmüşdür. Vətəndaş müharibəsi, xarici işğal, milli münaqişələr, aclıq və xəstəliklər respublikanın genefonduna uzun illər bərpası mümkün olmayan zərbə vurmuşdur. Müsavat-ingilis işğalı zamanı respublikada 636 kənd yer üzündən silinmiş, 30 mindən artıq kəndli həyəti məhv edilmişdir. Hətta Çar zamanı mövcud olan 800 kəhrizdən müsavat-ingilis işğalı zamanı cəmisi 142 kəhriz işlək vəziyyətdəydi. Liberalların ağız dolusu dəm vurduqları “milli müstəqillik” dövrünün faktlarda əksini tapmış gerçək mənzərəsi belədir! Müsavat vaxtı bircə dənə də olsun nə məktəb, nə fabrik, nə bir bina tikilmədiyi, iqtisadi-sosial həyatın bütün sahələri kəskin tənəzzül etdiyi halda liberal “tədqiqatçılar” iddia edirlər ki, geniş quruculuq işləri gedirmiş və guya 11-ci Qızıl Ordu xalqımızı bu “giqant” inkişafdan məhrum etmişdir! İnkişafdanmı məhrum etmişdir, yoxsa məhv olmaqdanmı xilas etmişdir- bu seçimi oxucunun öz ixtiyarına buraxırıq. Sadaladığımız tükürpədici tənəzzül, dağıntı və qırğın faktlarının fonunda siz fikrən “müstəqilliyin” daha bir qədər davam etdiyini fərz edin- sonra baxın görün Azərbaycandan geriyə nə qalacaqdı?!..
 Liberal tarixşünasların əsərlərində belə bir iddia mövcuddur ki, guya Sovet hakimiyyəti mövcudluğunun ilk bir ilində Azərbaycanda 50 min insanı məhv etmişdir. Bu rəqəm uydurmadan başqa bir şey deyil və heç bir rəsmi mənbədə öz təsdiqini tapmır. Sadəcə olaraq Mirzəbala Məmmədzadə adlı bir nəfər müsavatçı avantürist 1920-ci illərdə Polşa diktatoru Pulsidskidən aldığı pulun qarşılığında antisovet propaqandası üçün nəzərdə tutulmuş nəşrlərdən birində, tamamən öz subyektiv fantaziyasına əsaslanaraq bu uydurma rəqəmi ortaya atmış, liberal tarixçilər də əslini araşdırmadan bu rəqəmi tutuquşu kimi təkrar etməkdədirlər. Əgər Mirzəbala Məmmədzadə “çaşıb” 5 milyon desəydi, bu tutuquşular ağına-bozuna baxmadan elə 5 milyon da təkrar edəcəkdilər! Amma müsavat-ingilis oyuncaq hökuməti zamanı 400 min əhalinin məhvi rəsmi statistik faktdır və istənilən şəxs Azərbaycan Dövlət Statistika Komitəsinin Demoqrafiya şöbəsinə müraciət etməklə bu rəsmi faktla tanış ola bilər.
 Azərbaycan Demokratik Respublikasının “cümhurbaşkanı” Məmməd Əmin Rəsulzadə xaricə qaçandan sonra kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı yeri, daimi qanayan yarası” adlandırmışdır. Kolxoz quruluşu o adamların gözünə “faciə”, “bəla”, “qanayan yara” kimi görünə bilər ki, onların öz xalqının, ümumilikdə Şərqin tarixindən xəbərləri yoxdur. Məsələ burasındadır ki, kolxoz təsərrüfatı Azərbaycan üçün nəsə yad, kənardan gəlmə, yeni bir şey deyildi- kolxoz quruluşu Azərbaycanda və Şərqdə əsrlər boyu, ta erkən feodalizmdən 20-ci əsrin ortalarına qədər mövcud olmuş icma təsərrüfatının yeniləşmiş və daha modern formasıydı. Belə ki Şərqdə və Azərbaycanda torpaq üzərində əvvəllər xüsusi mülkiyyət olmamışdır- torpaq və su ehtiyatları icmaya məxsus idi və əhali torpaqdan elliklə, kollektiv surətdə istifadə edirdi. Marks və Engels torpaq üzərində xüsusi mülkiyyət olmamasını və icma təsərrüfatını Şərq tarixinin spesifik inkişaf xüsusiyyəti kimi xarakterizə etmişdirlər. Sonradan çox az sayda olan iri feodallar, mülkədarlar və qoluzorlular (indiki bəy və xanların mənəvi babaları) tədricən icmanın mülkiyyətində olan torpaqları, kəhrizləri, su mənbələrini bu və ya digər yolla ələ keçirməyə başladılar. Bu ilhaq və işğal prosesi 19-cu əsrin ortalarında iri mülkədarlar sinfinin, Şahmalıyevlər, Zülqədarovlar, Şamxorskilər kimi torpaq latifundistlərinin meydana gəlməsi və milyonlarla insanın icma torpaqlarından tamamilə məhrum edilməsi ilə nəticələndi. Bir tərəfdə 80-90 min hektar torpağa təkbaşına sahib olan mülkədar klanı, digər qütbdə isə torpaqdan tamamilə məhrum edilmiş yoxsul, torpaqsız kəndlilər sinfi formalaşdı. Əsrlərdən bəri icmaya, camaata məxsus olan torpaqlar bir ovuc zəngin mülkədarın əlində təmərküzləşdi. Bu gün liberal polittexnoloqlar belə bir saxta fikirləri xalqın beyninə yeridirlər ki, guya tarixən bizim millətə fərdiyyətçilik xas olub. O vaxt da Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi siyasi fırıldaqçılar xaricdə mətbuatda hay-küy salırdılar ki, guya kommunizm, kollektivçilik bizim xalqın mentalitetinə yaddır. Əslində isə bu danılmaz həqiqətdir ki, Şərqdə və Azərbaycanda Qərbdən və Avropadan fərqli olaraq torpaq üzərində həmişə icma mülkiyyəti dominantlıq təşkil etmişdir, hansı ki onun son qalıqlarını müsavatçılar topla-pulemyotla silib yox etməyə çalışırdılar.
 Müsavat vaxtı kəndlilərin torpağının bəylər tərəfindən ələ keçirilməsini əks etdirən bir sənədə nəzər yetirək. 1919-cu il mayın 14-də Öysüzlü kənd icması Müsavat Parlamentinə ünvanladıqları şikayət ərizəsində yazırlar: “Qubernator və qəza rəisi açıqcasına bəylərin tərəfini saxlayır... Bəylər üçün qəsdən saxta sənədlər düzəldirlər. Biz keçmiş illərdəki kimi yerləri sürməliyik, bizim qabağımızı heç bir hökumət, heç bir maneə saxlaya bilməz. Bir damla qanımız qalıncaya qədər vuruşacağıq”.
 “Biz keçmiş illərdəki kimi yerləri sürməliyik”- bəli, bu o yerlər idi ki, yüz illərdi kənd icmasının mülkiyyəti idi, amma cəmi bir neçə ayda peyda olmuş müsavat qubernatoru saxta sənədlə icmanın torpağını alıb bəylərə verirdi. Kəndlilər silaha sarılıb icmanın torpağını müdafiəyə qalxanda isə Müsavat rejimi onlara “bolşevik”, “qiyamçı” yarlığı yapışdırır, kəndləri top və pulemyot atəşləriylə məhv edirdi. Belə aqibətlə Qazax qəzasının Yuxarı Salahlı və Aşağı Əskipara kənd icması da qarşılaşdı. Gəncə qubernatoru Vəkilov daxili işlər nazirinə yazırdı: “Bu gün hərbi nazirlik Yuxarı Salahlı və Aşağı Əskipara kəndləri üzərinə top və pulemyotlarla qoşun hissəsi yeritsin”. Müsavat dövrü arxivlərində bu qəbildən yüzlərlə sənəd var- onların hər bir sətrində dağıdılıb məhv edilmiş yüzlərlə kəndin, öldürülmüş on minlərlə kəndlinin, torpaq arzusu qanla sulanmış, torpaq hüququ top-tüfənglə dəfn olunmuş kəndlinin faciəsi var.
 1918-20-ci illərdə kəndlilərin halal torpağını top-tüfənglə alıb bəylərə verən həmin Rəsulzadə xaricə qaçandan sonra kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı yeri, daimi qanayan yarası” adlandırırdı! Kəndlinin torpaq istəyini toplarla, pulemyotlarla cavablandıran hökumətin rəhbəri Sosialist inqilabından sonra sığındığı xarici ağalarından aldığı pulların müqabilində sifarişli məqalələr yazır, Azərbaycandakı Sovet hökumətinə, kolxoz quruluşuna böhtanlar yağdırırdı. Bir soruşan lazım idi ki, necə olur, ağalığınız, əslində isə osmanlıya və ingilisə nökərçiliyiniz zamanı kənd icmasının torpağını alıb bəylərə verəndə, biçarə kəndli dədə-baba torpağının müsadirəsinə etiraz edəndə kəndliləri ot tayasına doldurub diri-diri yandırırdınız, kəndləri “qiyamçı” elan edib top və pulemyot atəşləri ilə yer üzündən silirdiniz- bu Azərbaycanın qanayan yarası olmurdu, amma Sovet hökuməti tarixi ədaləti bərpa edəndə, yüz illərdir bu xalqın məişətində, sosial həyatında dərin iz buraxmış icma təsərrüfatını bərpa edəndə bu olurdu xalqın qanayan yarası?! O icma təsərrüfatı ki, yüz illərdi, əsrlərdi həmişə Şərqdə, Azərbaycanda dominant olub- kolxoz quruluşu məhz bu icmaçı təsərrüfatın yeni, modern əsaslarla bərpası idi.
 Qızılhacılı və Çaylı camaatının faciəsi Müsavat hökumətinin xalqa qarşı keçirdiyi müsadirə və terror dalğasının yüzlərlə faktından sadəcə bir neçəsiydi. Qızılhacılıda müsavat yerli hökuməti kəndlilərə məxsus olan minlərlə hektar yeri silah gücünə müsadirə edib bəylərə verdi. Buna müqavimət göstərən çoxlu sayda kəndli öldürüldü, yüzlərlə ev dağıdıldı. 300 evdən ibarət olan Çaylı icmasında 125 nəfər həbs edildi və bir qism kəndlilər güllələndi. Kəndlilərə məxsus 100 hektar əkin və otlaq sahəsi müsavatçılar tərəfindən yandırıldı. 1918-20-ci illərdə kənd icmasının mülkiyyətində olan torpaqları silah gücünə müsadirə edib bəylərə verən müsavatçılar bunu “demokratiya” adlandırdıqları halda, kommunistlərin torpağı bəylərdən müsadirə edib kənd icmasının sərəncamına qaytarmasını qırmızı terror və talan kimi qələmə verirdilər. Fikir verin, Göyçay qəzasının Bəydovul kəndlilərinə məxsus 1000 hektar torpağı Müsavat hökuməti müsadirə edərək mülkədar Sultanovun ixtiyarına verir- bunu müsavatçılar “qanuni” hesab edirlər, amma Sovet hakimiyyəti mülkədar Sultanovun zəbt etdiyi torpağı alıb kəndliyə qaytaranda, kənddə kolxoz təşkil edəndə həmin müsavatçılar bunu “xalqın əmlakının talanı” kimi qiymətləndirirlər! Belə çıxır ki, müsavatçıların nəzərində ancaq mülkədar Sultanovlar insan idi- buna görə də onlar bu bir ovuc qaraguruha “xalq” deyə xitab edirlər.
 Sizə elə sırıyırlar ki, guya Sovet hökuməti 1920-30-cu illərdə bəylərin, mülkədarların, qolçomaqların haqqı olan torpaqları onların əlindən alırdı- xeyr! Onların haqqı hər kəs kimi bir həyət torpaq idi! Sovet hökuməti əvvəlcə Çar, sonra isə Müsavat dövründə bəylərin min bir fırıldaqla ələ keçirdiyi icma torpaqlarını yenidən kənd icmasının sərəncamına qaytarırdı! Bu proses iki formada həyata keçirilirdi: 1-ci forma kəndli həyətləri, 2-ci forma kolxoz quruculuğu idi. Liberallar onu da iddia edirlər ki, kolxoz quruculuğu Azərbaycan üçün guya çox ağır “sosial-iqtisadi” nəticələr törətdi. Guya məhsuldarlıq aşağı düşdü, ölkədə ərzaq vəziyyəti pisləşdi. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya kolxoz quruculuğu özünü doğrultmadı. Qeyd etməliyik ki, Müsavatdan “miras” kimi Sovet hökumətinə ancaq iqtisadi xarabazarlıq irs qalmışdı. Hansı ki bu dağıntıların aradan qaldırılması on illərlə vaxt tələb edirdi. Amma Sovet hökuməti bütün gücünü səfərbər edərək qısa bir dövr ərzində xalq təsərrüfatının bərpasına nail oldu. İnqilabdan dərhal sonra elə bir sahə yox idi ki, tərəqqiyə nail olmasın. Məsələn, 1920-ci ildə Azərbaycanda cəmi min hektar pambıq sahəsi qalmışdısa, 1923-cü ildə pambıq əkini 21 min hektara çatmışdı. Müsavat dövrü tamamilə iflasa uğrayan baramaçılıqda qısa müddət ərzində dəfələrlə artım oldu- 1921-ci ildə barama tədarükü 6 min puda, 1923-cü ildə isə daha 10 dəfə qalxaraq 60 min puda çatdı. Müsavatın Azərbaycan iqtisadiyyatında yaratmış olduğu yırtıcı dağıntıdan sonra hər il, həm də iqtisadi-sosial həyatın bütün sferalarında artıma nail olmaq möcüzə idi. Müsavatın iqtisadiyyata vurduğu dağıntının böyüklüyünü təsəvvür etmək üçün sadəcə onu demək kifayətdir ki, neft sənayesi kimi strateji bir sahədə məhsul istehsalını 1913-cü il səviyyəsinə yalnız 1928-ci ildə çatdırmaq mümkün oldu. Belə ki 5 min neft quyusundan Müsavat dövründə sadəcə 400 quyu işlək vəziyyətdə qalmışdı, qalan 4600 quyu istismara yararsız hala düşmüşdü. Əgər neft kimi diqqət mərkəzində olan bir sahədə 1913-cü ilin səviyyəsinə ancaq 8 ildən sonra çatmaq mümkün oldusa, indi təsəvvür edin ki, Müsavat ölkə iqtisadiyyatını necə tanınmaz hala salmışdı.
 Bu gün hər nə qədər təbliğ olunsa ki, Sovet hökumətini guya ancaq neft sənayesi maraqlandırırdı, bu cəfəngiyatdan başqa bir şey deyil. Fikir verin, neft sənayesində məhsul istehsalı 1913-cü il səviyyəsinə 1928-ci ildə çatdığı halda, kənd təsərrüfatında bu uğura daha tez- 1925-26-cı illərdə çatmaq mümkün oldu. Eyni inkişaf tendensiyası kütləvi kolxoz quruculuğundan sonra da davam etdi. Belə ki 1932-39-cu illərdə kolxozların gəliri 8 dəfədən çox artmışdı. Müsavat vaxtı tarlalarda bir dənə də traktor olmadığı halda, 1921-25-ci illərdə 130 traktor, 1930-cu ilə qədər isə 1200 traktor kəndlilərin ixtiyarına verilmişdi. 1940-cı ildə əkin sahəsində işləyən traktorların sayı 6 minə çatırdı. Müqayisə üçün deyək ki, Müsavat dövründə traktor qalsın bir tərəfə, kəndlilərin 60%-nin əkin sahəsini becərmək üçün heç bir aləti yox idi.
 Kolxoz quruculuğunun ilk illərindən Azərbaycan kəndlisi ilk dəfə olaraq mədəni həyatla tanış oldu. Türkiyə, İran kimi böyük müsəlman dövlətlərinin şəhərlərində belə bağça olmayanda Azərbaycanın kəndlərində kolxoz hesabına bağçalar, körpə evləri, tibb məntəqələri yaradılırdı. Məsələn, 1930-cu illərdə təkcə pambıqçılıq rayonlarında kolxoz hesabına kəndlərdə 30 min uşaq üçün 630 bağça və 825 uşaq meydançası, 20 min uşaq üçünsə 200 daimi, 113 mövsümi körpələr evi yaradılmaşdır ki, kolxozçuların uşaqları təlim və tərbiyə alsınlar, valideynlər işdə olarkən uşaqları başsız və nəzarətsiz qalmasınlar. 1930-cu illərin kəndində olan bu mədəni səviyyəyə indi hətta Bakı şəhərində belə qibtə etmək olar. 80 il bundan əvvəl Sovet kəndində bağçaya gedən uşaqların sayı hazırda Bakı şəhərində bağçaya gedən uşaqların sayından çox olmuşdur. Bu gün Azərbaycanda 3 minə qədər kənd var, amma bu kəndlərdə heç üç dənə bağça yoxdur. Lakin bir kənddə, İsmayıllı rayonunun İvanovka kəndində kolxoz var və bu kənddəki bağça indi də fəaliyyət göstərir. Bilirsiniz nə üçün? Çünki Sovet vaxtı bağçalar kənd və rayonlarda kolxoz və sovxozların hesabına yaradılırdı- kolxoz və sovxozlar dağılan kimi bu tədris-tərbiyə ocaqları da dağılıb tarix oldular.
 Kolxoz elə bir sosialist təsərrüfat modeli idi ki, hər bir kolxozçu ailəsinin hərtərəfli təminatını qarşılaya bilirdi. Kolxozun hesabına kəndlərdə həkim məntəqələrindən doğum evlərinə qədər hər bir səhiyyə, mədəni iaşə və tədris ocaqları kolxozçuların xidmətindəydi. Kolxoz təsərrüfatları inkişaf edib zənginləşdikcə kənd əhalisinə göstərilən bu xidmətlərin çeşidi və keyfiyyəti də yüksəlirdi. İnkişafa gəlincə isə kolxoz-sovxoz təsərrüfatları liberalların iddia etdiyinin əksinə olaraq həmişə dinamik inkişaf edən sahə olmuşdur. Məsələn, 1932-37-ci illər ərzində hər bir kolxozun gəliri 6 dəfə, hər bir kolxozçu həyətinə düşən gəlir 3 dəfədən çox, hər bir əməkgününə düşən pul 4 dəfəyə qədər artmışdır. Kolxozun təsərrüfat üstünlükləri barədə dediyimiz faktlar ola bilsin ki, oxucunu yorar və o dövr haqqında daha çox qiyabi təəssurat yarada bilər, ancaq hazırda Bakıdan 220 km məsafədə olan İvanovka kəndinə getsəniz, bunu birbaşa öz gözlərinizlə görərsiniz. 1990-2000-ci illərdə Azərbaycan kəndlərindən işsizlik və yoxsulluq səbəbiylə gənclərin xarici ölkələrə və paytaxta kütləvi köçü başlayanda İvanovka kəndi yeganə təsərrüfat idi ki, mənfəətlə işləyirdi və heç kəs bu kəndi tərk etmədi. Bu gün İvanovka kolxozu milyonlarla manat dövriyyəyə malik varlı təsərrüfatdır və bütün kənd əhalisini daimi işlə təmin edır.
 Kolxozun dəyərini onu itirdikdən sonra anlamışıq. Ölkə iqtisadiyyatına 20 ildə sovxoz və kolxozların dağılmasından 100-150 milyard dollar zərər dəyəndən sonra başa düşmüşük ki, kənd yerində böyük təsərrüfatın varlığı nə demək imiş. Bu gün fərdi kəndli təsərrüfatı ölkəsi olan Azərbaycan Sovet Azərbaycanının 50-60 il əvvəlki göstəricilərinə çata bilməmişdir; pambıqçılıq, çayçılıq, ipəkçilik, üzümçülük kimi ənənəvi sahələr tamamilə məhv edilmiş vəziyyətdədir. 1931-ci ildə Sovet hökuməti Şəkidə ipək kombinatı tikib istifadəyə verdi. Bu kombinat öz təyinatına görə İttifaqda ikinciydi və 6 min Şəki sakininə daimi iş yeri təmin edirdi- hansı ki bu gün tamamilə fəaliyyətini dayandırıb. 15-20 il əvvəl fərdi kəndli təsərrüfatını tərifləyib göylərə qaldıranlar, tələm-tələsik sovxoz və kolxozları dağıdıb özəlləşdirənlər indi bu gün əksinə, fərdi kəndli təsərrüfatının, xüsusilə də kiçik kəndli pay torpaqlarının özünü doğrultmadığını, kənd təsərrüfatını dirçəltmək üçün böyük kollektiv təsərrüfatların yaradılması zərurətini hökumət səviyyəsində etiraf etməkdədirlər. Səbəb odur ki, fərdi kəndli təsərrüfatları texnika, traktor, kombayn almaq, təsərrüfatda son texnologiyaları tətbiq edəcək qədər vəsaitə sahib olmadıqlarından pay torpaqları kustar üsullarla, primitiv metodlarla becərilir, növbəli əkin sistemi tətbiq olunmur, nəticədə torpaq gücdən düşür, şoran basır, məhsuldarlıq azalır. Fərdi kəndli təsərrüfatları bu problemləri həll etməyə qadir deyil. Məsələn, bu gün suvarılan əkin sahələrinin yarıdan çoxunda şoranlaşma gedir. 1 hektar torpağın yuyulması, şorandan təmizlənməsi üçün ən azı 5-10 min manat vəsait lazlmdır və bu iş bir neçə ildən bir təkrar olunmalıdır. Kəndli şikayətlənir ki, o fərdi təsərrüfatından bu qədər pul qazana bilmir və bu layihələri öz imkanına edə bilməz. Deməli ən elementar problemlərin həlli qarşısında fərdi təsərrüfat acizdir. Eyni proses 1920-30-cu illərdə yaşandığından Sovet hökuməti çox duzgün olaraq iri kollektiv təsərrüfatlar yaradırdı. Bu gün isə mövcud rejim problemlərdən çıxış yolunu iri fermer təsərrüfatların yaradılmasında görür, hansı ki bu tədricən torpaqların beş-on nəfər varlı fermerin əlində təmərküzləşməsi deməkdir və sosial baxımdan olduqca ədalətsiz yoldur. Bu kəndlilərin tədricən pay torpaqlarından məhrum ediləcəkləri deməkdir...
 Bəy və xanlara qarşı çıxan Qatır Məmmədin anası Gülxanım, qardaşı Adil, əmiləri Aslan və Yusifəli də daxil olmaqla bütün ailə üzvləri- 40 nəfərdən çox qohum-əqrəbası müsavatçı bəylər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Müsavatçılar Qatır Məmmədin ailə namusuna da toxundular. 1919-cu ildə müsavatçı bəylər Şadıllı kəndinin 29 nəfər sakinini qırmızı partizanlara yemək verdikləri üçün ot tayasına dolduraraq diri-diri yandırdılar. Kommunist Əli Bayramovun başı müsavat jandarmları tərəfindən 1920-ci ilin martında kəsildi- heç bir məhkəmə və istintaq işi aparılmadan. Bu qəbildən minlərlə fakt sadalamaq olar. Necə olur ki, müsavatçı bəylərin məhkəməsiz, istintaqsız dinc kəndliləri ot tayasına doldurub diri-diri, həm də kütləvi halda yandırmalarına, məhkəməsiz, hökmsüz insanları ən vəhşi metodlarla öldürmələrinə liberal müəlliflər “demokratiya” adı qoyurlar, amma Sovet hökumətinin xalqın qanını içənlərə, iğtişaş yaradanlara, təxribat törədənlərə 3-5 il həbs kəsməsini “istibdad”, “represiya”, “terror” kimi qələmə verməyə çalışırlar?! Fikir verin, 1923-cü ildə “İttihadi İslam” partiyası Göyçay qəzasında Sovet hökuməti əleyhinə qanlı qəsd təşkil edir (türk Camal Paşanın rəhbərliyi ilə). Əməliyyat zamanı silahlı qəsdə rəhbərlik edənlərdən Əhməd Yüzbaşı Qədir oğlu çekistlər tərəfindən həbs edilir. Bilirsiniz bu banditbaşının cəzası nə olur? Cəmi 5 il həbs. Bundan başqa, 1931-ci ilin martında Şəki iğtişaşlarını təşkil etmiş banditbaşı Bəhrambəy Nəbibəyovun qardaşları Hüseynbəy və Vahidbəy Nəbibəyovlara Sovet məhkəməsi cəmi 3 il həbs cəzası verir. 1932-ci ildə qolçomaq qiyamının rəhbəri olmuş, qaçaraq Gürcüstan ərazisində gizlənmiş, burdan Türkiyəyə keçmək istəyən Molla Mustafa Sovet çekistləri tərəfindən tutularaq Bakıya gətirilir. Qəribədir ki, Sovet məhkəməsi yüzlərlə insanın qətlində əli olan bu quldurbaşını sadəcə olaraq Solovetsk adasına 10 il sürgünə göndərməklə kifayətlənir. Bu quldurbaşı sürgündə Sovet çörəyi yeyib osmanlı ləhcəsiylə şeirlər yazır, ayda bir dəfə ailəsiylə məktublaşırdı da. Hətta gələcəyə o qədər nikbin baxırdı ki, 1937-ci ildə ailəsinə yazdığı məktubda ədalətli Sovet məhkəməsinin onu əhv edəcəyinə inandığını bildirirdi. Bəli, kommunist fədailərin torpaq altda sümükləri cürüyəndə quldurbaşı Molla Mustafa Solovetsk adasında şeir yazıb əhf ediləcəyi günü gözləyirdi.
Category: XƏBƏRLƏR | Views: 55 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar