21:23
ÖTKƏM ADAM  (2)

                                                                                        ÖTKƏM ADAM  (2)
 

Səkkiz yaşımdan məktəbə getmişəm. Yadımdadır ki, xalaoğlu Müzəffər məni obamızın yaxınlığındakı sututarda çimən yerdə, çılpaq halda tutub məktəbə gətirdi, sinfə saldı. Mən qapıdan girib pəncərədən çıxıb qaçdım, o qaçmaqla adım jurnalda qalsa da, həmin il bir daha məktəbə getmədim. Sonrakı ildə özümdən bir yaş-yaş yarım uşaqlarla oxumalı oldum.(1954) Orta məktəbi bitirməyimə iki il qalmış, hökumət qərar çıxardı ki, orta təhsil on il yox, on bir olsun. Odur ki, mə daha bir il orta məktəbdə təhsil aldım, yaşıdlarımdan geri qaldım. 1965-ci ildə, 19 yaşımda orta məktəbi bitirdim. 
Bu mənhus ildə ali məktəbə hazırlaşdığım bir vaxtda iyul ayının 4-də atam rəhmətə getdi. Mən onda xarici dildən hazırlaşmaq üçün mərhumə Adilə xanımın, dil-ədəbiyyat, tarixdən mərhum ustadım Bəhmən Salehin yanına gedirdim. Həmin gün qardaşım Soltan ailəsi ilə birgə ertədən Bakıdan kəndə gəlmişdi: Baba ilkin oğul nəvəsini öpüb, oğlu ilə görüşüb çox xoşhal olmuşdu. Odur ki, ailə üzvləri hərə öz işinin dalınca getmişdi. Anam qonşu qadınlarla birgə Məlikobaya yas yerinə, qardaşım Razi Qasımlı stansiyasına, mən də Rüdəkənara Bəhmən müəllimin evinə -dərsə getmişdik.
İş elə gətirir ki, atamın şirin yuxuya getdiyini zənn edib, Fatmagəlin üçyaşlı uşağını yatızdırır, Soltanboli ilə bağ-bağçada gəzirlər.Təbiətən zarafatcıl, şənxasiyyət qonşu Bəsti xala gəlib evin eyvanında yatan atamızı çağırır:
-Ağarza, çox yatma, yatmağa o qədər vaxtın olar ki! Oyan, oyan, böyük oğlun gəlib, sevimli nəvən gəlib. Nəvəni al qucağına, oxşa, əzizlə! Dur, dur!
Görür kişi cavab vermir, üz-gözünə əl sürtür, əl-ayağını əlləyir, görür kişi çoxdan dünyasını dəyişib, bədəni soyuyub. Bu Bəsti xalanın çox zildən bir səsi vardı, göydə uçan quşu yolundan eləyirdi. Bir qıy vurur, oba hamı tökülüşüb gəlir. O yandan Soltan da, gəlin də harasan çatırlar. Görürlər, nə eləsinlər ki, kişi çoxdan vəfat edib. Biri qəbirqazmağa, biri molla çağırmağa, biri sidir-kafur, kəfən almağa qaçır. 
Soltan bolunun beyni yerindən oynayır. Nə eləsin? Payi-piyadə ayaqyalın qaçır, gəlir Kənd birliyinə, girir çayxanaya, ağlaya-ağlaya deyir:
-A kişilər, atam rəhmətə gedib, siz burada oturub çay içirsiniz?
Adamlar dəyir bir-birinə, tökülüşüb gəlirlər Dəlləkobaya ki, atamı dəfn eləsinlər. Daha sonra Soltan boli gəlir Məlikobaya, girir yaslı arvadların oturduğu otağa, ağlaya-ağlaya anama deyir:
-Ay nənə, nə oturmusan, evin yıxılıb, ərin getdi rəhmətə, haydı gedək, yoxsa üzünü görməzsən..
*
Anam bu qara xəbəri eşidən kimi başlayır qışqırmağa, vay-şivən qoparmağa, üz cırmağa, sinə döyməyə. Anamla Soltanboli ayaqyalın nalə çəkə-çəkə qabaqda qaçır, obamızın yasa gələn gəlinləri də bunların dalınca...
Bir saat belə çəkmir ki, atamı aparıb Məscid qəbiristanlığında dəfn eləyirlər, Mərzo əminin evinin arxasında ağacların kölgəsində açıq çadır qururlar, qadınlar evimizin eyvanında, kişilər çadırda oturub atama yas tuturlar...
Mənimsə bu işlərdən xəbərim yox. Ağaəli ilə birlikdə ustad Bəhmən müəllimlə tarix fənnindən dərs öyrənirik. Saat on bir radələrində yoldan keçən bir arabaçı (qonşu kənddən rəhmətlik Xalıq kişi) gördüm ki, arabasını saxladı, Bəhmən müəllimi çağırdı, nə isə pıçıldaşdılar. (Bəhmən müəllimin həyəti yanından gəlib keçirdi meşəyə-Talış dağa gedən daşlı-kəsəkli-palçıqlı yol)
Ustad gəlib başımın üstündə dayandı, bir az susdu, ehmalla başımı sığalladı, dedi:
-Xalıq kişi dedi ki, sən evə tez gedəsən, atanın əhvalı yaxşı deyil. 
Mən dərhal ayağa sıçradım, kitab-dəftərlərimi də götürmədim, qaloşları geyinib yola çıxdım, qaçmağa üz qoydum. Anladım ki, Lələm rəhmətə gedib. Ey dili-qafil, birdən aparıb tez dəfn eləyərlər, üzünü görmərəm ha. Nə böyük rəzalət! Rüdəkənardan çıxıb çay sahəsinə çatmışdım ki, Əlibala Kişiyev, yanında Nəzir Tağıyev maşında çay yeşikləri aparırdılar. Mənim qaçdığımı görüb, Əlibala kişi maşını saxladı, mən maşının yük yerinə qalxdım, birtəhər yeşiklərin arasında özümə yer elədim. Maşına minəndə eşitdim ki, Nəzir əmi Əlibalaya deyir:
-Bu da sənə övlad, atası vəfat edib basdırırlar, oğul yollarda veyillənir.
Əlibala da ona deyirdi:
-Niyə belə deyirsən, uşaq Bəhmən müəllimin yanında dərs keçir, ali məktəbin imtahanlarına hazırlaşır. Yavaş danış, uşaq eşidər, özünə xətər yetirər!
Bu söhbət elə bil belimi qırdı. Yəqin oldu ki, Lələ rəhmətə gedib. İçimdən bir dəli hönkürtü qopdu, böyürə-böyürə ağlamağa başladım. Şofer Əlibala briqadir Nəziri danlayırdı:
-Gördün neylədin? Uşağın qəlbini qırdın. İndi-bayaq bağrı yarılar. 
Nəzir əmi də Əlibala kişiyə nəsə deyir, mızıldanırdı. Mən isə ani olaraq xatırladım ki, ay dili qafil, atam öldü, deyəsən, dövlət imtahanlarına gedə bilməyəcəyəm, ali məktəbə girə bilməyəcəyəm, ali təhsil almaq arzu-kamım nakam qalacaq. Taleyim qara gəldi, vay olsun mənə! Belə fikirlər ağlımdan keçdikcə, bir az daha qəmlənirdim, ağlamağım şiddət edirdi. 
Sürücü sürəti artırmışdı. Gilavar küləyi saçlarımı, qulaqlarımı qoparırdı, əynimdəkiləri soyundurmaq istəyirdi. Göz yaşlarımı dərhal qurudurdu, amma ürəyimdən qara qanlar axırdı.
Dəlləkobaya dönən yerdə maşından düşüb bir az getmişdim ki, qardaşım Razi ilə qarşılaşdım, samovarı alışdırmağa kömür almağa getdiyini dedi. Ondan öyrəndim ki, Lələni aparıb dəfn eləyiblər, az qala bütün kənd bizim həyətdə, çadırdadır, bircə mən yoxam orada.
Bu xəbəri eşidəndə bərk incidim, yas adətlərinə üsyan elədim: Niyə məni gözləmədilər, atamın üzünü görəydim, mafasından yapışaydım, tabutun altına girəydim. Axı mənim atam dünyasını dəyişirdi, bir də üzünü görməyəcəkdim. (Sonra öyrəndim ki, yas adətlərinə üsyan etməyimdə haqlıymışam. Meyidin üzünü yaxınları görməlidirlər, onunla vidalaşmalıdırlar. Yoxsa bu, onların ruhuna mənfi təsirlər buraxar. Onlara elə gələr ki, dünyasını dəyişən adam ölməyib, harayasa gedib, günlərin birində qayıdıb gələr. Şəxsən Lələ sıx-sıx yuxularıma gəlir: Başında kepka, ağ kostyumda, uzaq yerdə evləndiyi xanımı ilə, uşaqları ilə, hər birimizə gətirdiyi hədiyyələri ilə...
Razi qardaşımdan ayrılanda sustaldım, yolun kənaında, elektrik dirəyinə söykənib oturdum, nəfəsim sakitləşənə qədər əyləşdim. Axı bərk qaçırdım, sonra məğmun-məğmun evə gəldim: çadır qurulmuşdu, yerdə dövrələmə adamlar əyləşmişdilər, çay içirdilər. Molla İbrahim söhbət eləyir, kənd mollaları Quran oxuyurdular. Qonşu oğlanları məclisdə xidmət edirdilər: yasa gələnlərin qabağına süfrə sərir, çay-yemək paylayırdılar.
Mən başıaşağı halda adamlara baxmadan həyətdən balaca otağa keçdim: məktəb yoldaşlarımla burada görüşür, dərslərimi bu xəlvət yerdə hazırlayır, oradaca yeyir, yatırdım. İçəri keçib, qapını bağladım, taxta taxtımda üzüqoylu uzandım, ağla ki ağla.
Axşamçağı yas məclisi sona çatandan sonra yadlarına düşmüşəm ki, Əlibəq gözə dəymir, harda qaldı bəs? Ağanənə vaysınıb ki, gədə bütün günü nə yeyib, nə də çay içib. Haydı, tapın onu. Təbii ki, otağımda olaram. Gəlib məni yatan görüblər, oyadıblar, danlayıblar, çay-çörək veriblər.
Soltanboli dedi:
-Nə olub, özünü qəribə aparırsan? Bircə sənin atan ölməyib ki?! Hamımızın atası ölüb. İndi neyləyək, hamımız vay-şivən edək, yeməyək-içməyək, yas saxlayaq. Bəs bu yas məclisini kim yola versin? Gəlib-gedənlərə kim xidmət eləsin. Hər birimizin boynunda ata haqqı var. Bir borcumuz da odur ki, onun yas məclisini layiqincə yola verək.. Bu dəqiqədən etibarən qəbr üstə Quran oxuyan mollalara üç gün ərzində çay-çörək sən apararsan. Bəsdir ağladın.
- Lələni dəfn eləyəndə məni gözləməyiblər.
-Yox əşi, nəslimizin böyüyü sən imişsən, sənin haqqına giriblər. Dəfn işində xəta eləyiblər, səni gözləməyiblər. Kəs əsini. Əmilərin, dayıların, böyük qardaşların duran yerdə sənə gəyişəcəkdilər ki, icazənizlə meyidi götürək, yoxsa gözləyək. Əşi, yay vaxtıdır, iyul ayının əvvəlidir. Meyid bir-iki saata iylənir, onumu istəyirdin?
(ardı var)

Müəllif Allahverdi Bayrami

 
Category: TALIŞH | Views: 284 | Added by: tmmrtalish | Tags: Allahverdi Bayrami | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: