19:48
ŞEYXİN MÜDAFİƏSİNƏ!!!
Əziz həmvətənlər, aşağıda təqdim etdiyimiz məqalənin indi də aktual olduğunu nəzərə alaraq onu sizin diqqətinizə çatdırmaq istəyirik!
Bütün Qafqazın Şeyxinə qarşı aparılan qərəzli böhtanlar ilk dəfə deyil, hələ ötən əsrin sonlarında millətçi Qaraguruh bir neçə dəfə bu cəhddə bulunmuşlar!
 Öndə Əbülfəz Elçibəy və onun muşaviri, indi Milli Məclisdə özünə rahat yer tutmuş Fazil Qəzənfəroğlu gedirdilər!
Həmin vaxt bir qrup Talış ziyalısı həmin qaraguruha cavab məktubu yaymışdılar.
Həmən vaxtdan çox illər keçsə də, sanki heç nə dəyişməmişdir, əksinə millətçi ünsurlar daha da quduzlaşmışlar! Dəyişən yalnız həm millətçilər, həm də yazı muəlliflərinin bıt çoxunun dunyalarının dəyişməsidir! Allahdan onlara rəhmət diləyiyik!
Hörmətli oxucularımızdan isə bir ricamız var, mətni oxuyarkən Əbülfəz Elçibəyin adına rast gələndə onun əvəzinə "Millətçi qaraguruh" oxusunlar - ölənin ardıyca danışmaq kimi alınmasın!
Məktub o illərin dövrü mətbuatında - "IMPULS" qəzetində dərc olunmuşdur! Olduğu kimi təüdim edirik:-

ŞEYXİN MÜDAFİƏSİNƏ!!!
Yadımıza tarix kitablarında oxuduğumuz bir əhvalat düşdü.
İngilislər Hind-Çini istila edib müstəmləkəyə çevirmək məqsədi ilə müharibə apararkən  azsaylı bir tayfanın müqaviməti ilə qarşılaşırlar. Qanlı döyüşlərin getməsinə baxmayaraq, qüdrətli ingilis silahı kiçik tayfanı özünə ram edə bilmir. Tədbirli və hiyləgər ingilislər müharibənin mə’nasız olduğunu görüb döyüşü dayandırır, onları məğlub etmək üçün başqa yollar və vasitələr axtarmalı olurlar. Uzun məsləhət və məşvərətdən sonra aborigenlərin xarakterini, təbiətlərindəki qüvvətli və zəif cəhətləri öyrənmək məqsədi  ilə aralarına  missioner göndərməyi qərara alırlar. 
İngilis missionerləri aborigenlər arasında bir müddət yaşayıb  onların  həyat və məişət tərzini   öyrəndikdən sonra geriyə dönərək ağalarına üzərində müşahidələr apardıqları tayfanın təmizliyi sevdiyini, natəmizlikdən ikrah etdiyini xəbər gətirirlər. İngilislər missioner mə’lumatlarına uyğun tədbirlər planı hazırlayıb növbəti hərbi əməliyyata hazırlıq görürlər. Nəhayət, döyüş  başlanır. Sinələrini düşmən toplarının zərbələrinə sipər etməyə hazırlaşan aborigenlər mərmi əvzinə top lülələrindən üstlərinə çirkab selinin axdığını görürlər. Odlu silahların zərbəsi qarşısında diz çökməyən yerli əhali çirkabdan qorxaraq silahları  yerə atıb, döyüş meydanını tərk edir. Beləliklə, ingilislər qələbə çalıb yerli xalqı istila edirlər. 
Cənab eks - prezident!
Bu tarixi hadisəni xatırlamağımız təsadüfi deyil. Sizin fəaliyyətinizdə ingilislərin dünya miqyasında çoxdan ifşa olunmuş və məzlum xalqların nifrətini qazanmış çirkin siyasəti ilə birbaşa səsləşən, hətta üst-üstə düşən oxşar məqamlar var. Açıq görünür ki, siz opponentlərinizlə, daha dəqiq desək, rəqiblərinizlə sağlam mübahisə etmək, təkzibedilməz faktlar gətirməklə  onları məntiqinizə tabe etmək, dəlillərinizin obyektivliyinə inandırmaq əvəzinə şəri-şeytansayağı quru böhtan deməklə, adamları şərləməklə, ingilissayağı  üstlərinə çirkab atmaqla meydanda tərksilah etmək işinə üstünlük verirsiniz. Siz dünən Azərbaycan Respubliksının Prezidenti, möhtərəm Heydər Əliyevi Kürd Fəhlə Partiyasının təşkilində günahlandırdınız. Bu gün isə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərini  “Şeyx Nəsrullah” adlandırıb, “KQB polkovniki” paqonu gəzdirməkdə ittiham edirsiniz. Görünür, Məşədi İbad demişkən adətkərdəsiniz. Bizim diqqətimizdən yayınan digər faktlar da var. 
Cənab bəy !  Xalq həyatında elə dəyərlər var ki, bunlar müqəddəs məfhumlar çərgəsinə daxildir. Onlara hörmət etmək, ehtiram bəsləmək  təmsil olunduqları xalqın bütün üzvlərinin borcudur. Prezidentlik və                                                                                                                                            Şeyxülislamlıq da bu qəbildəndir. Onları təhqir etmək xalqın mənəviyyatına toxunmaq qədər cinayət sayılır. Siz Prezidenti və Şeyxülislamı müxtəlif günahlarda ittiham etməklə millətin müqəddəs siyasi və mə’nəvi dəyərlərini təhqir edirsiniz. Əlbəttə, biz bununla Prezident və   Şeyxülislamın şəxsiyyətinə kor-koranə e’tiqad təbliğ etmirik. Prezident də, Şeyxülislam da insan və vətəndaşdır. Hamı kimi onların da qüsuru ola bilər, onlar da tənqid oluna bilərlər. Lakin, ədəb dairəsində,əxlaq normalarını gözləmək şərti ilə! Əsrimizin əvvəllərində C.Məmmədquluzadə “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” yazıb ruhani atanı, sevimli müəllimi Əbdülsalam Axundzadəni  tənqid etmişdi. Sizə onu oxumağı tövsiyə edirik. Görün orada əxlaq və etikadan kənar bir mətləb varmı? Tənqid yüksək taktiki ustalıq və ehtiramla deyilmişdir. Şübhəsiz, biz sizi C.Məmmədquluzadə ilə tərəzinin  bir gözünə qoymaq fikrində deyilik. Bütün müqayisələr kimi bizim bu müqayisəmiz də qüsurludur.  Bununla biz sizə millətin rəhbərləri və başbilənlərinin qüsurlarını tənqid etməyin üsullarını klassiklərimizdən öyrənməyi yalnız məsləhət görürük.  
Cənab bəy! Yazılmamış qanunlar olduğu kimi, hamının riayət etdiyi yazılmamış əxlaq normaları da var. Onları gözləmək bütün cəmiyyət üzvlərinin borcudur. Bunun biri “kişi kişinin yanında söz danışar” deyimidir. Yə’ni iki kişi arasında danışılan qırağa çıxmamalıdır. Söz var xalq içində, söz var xılx içində. Xılx içində deyilən xalq içinə çıxarılmaz. Bu bizə ulularımızın tövsiyəsidir. Əgər Şeyxülislam Məkkəyə sənəd aparması haqqında çox mühüm bir sirri sizə açıbsa, (hərçənd bu da yalandır) o sizi kişi sayıb, sizə e’tibar edibdir. Sizin isə illər keçəndən sonra onu mətbuat səhifələrinə çıxarmağınız və  dini rəhbəri gözdən salmaq üçün dəlil kimi istifadə etməyiniz namərdlik əlamətidir. Görünür, siz milli əxlaq normalarından xəbərsizsiniz.
Şübhəsiz, bu birinci hadisə deyil. Faktlar göstərir ki, siz artıq böhtan atmaq, mətbuat səhifələrində qiybət qırmaq azarına  mübtəla olmuşsunuz. Siz düçar olduğunuz xəstəlik o qədər şiddətlidir ki, bu üsuldan nəinki rəqiblərinizə, hətta cəbhədaşlarınıza və məsləkdaşlarınıza qarşı da istifadə edirsiniz.  “Şərq” qəzetinin haqqında söz gedən sayında Prezident olarkən fərman verib, müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Naziri tə‘yin etdiyiniz və çiyinlərinə general paqonu taxdığınız İskəndər Həmidov haqqında dedikləriniz də bu qəbildəndir.  Şəxsi söhbətlərə və münasibətlərə illər ötəndən sonra xüsusi  mə’na verib ondan kimisə ittiham etmək üçün istifadə etmək sizin xəstə təxəyyülünüzdən xəbər verir. Açıq surətdə görünür ki, siz ətrafdakılarınıza, dostlarınıza  və rəqiblərinizə qarşı münasibətdə düzgün yol seçməmisiniz. Bütün millətin mə’nəvi atası  hesab edilən və  əlindən Qur’ani-Kərimi  alıb and içdiyiniz bir şəxsə xəyanət edərək, ona qarşı böhtan kompaniyasına başlamağınız heç bir əxlaq dairəsinə sığmır. Siz opponentlərinizi də ancaq böhtan deməklə susdurmaq və siyasət meydanından uzaqlaşdırmaq istəyirsiniz. Bu onsuz da iyrənc iş olan siyasətdə  daha iyrənc görünür. Təəssüf ki, millətə rəhbər olmuş və yenidən rəhbər olmaq iddiasına düşən bir adam belə natəmiz yol seçmişdir!
Cənab Əbülfəz bəy! Siz Şeyxülislam  Hacı Allahşükür Paşazadəni böhtana mə’ruz qoydunuz.  Onda icazə verin, sizə sual verib soruşaq: Cənab bəy,  bəs siz özünüz kimsiniz? Siz orta səviyyəli bir ziyalısınız.  Bu günlərdə  sizin “Bu mənim taleyimdir” və “Deyirdim ki, bu quruluş dağılacaq” (Zalım balası peyğəmbərdir, qeybdən xəbər verir.) kitablarınızı bir daha oxuduq.  Bizi dəhşət bürüdü. İlahi, siz danışdığınız və yazdığınız dil nə dildir? Siz  indiyə qədər xalqın ədəbi dilini mənimsəməmişsiniz, onun qaydalarına yiyələnməmişsiniz. Mə’lumdur ki, Stalin savadlı rusların səhvlərini  islah edərmiş, De Qoll gözəl yazı yazarmış, Mitteran mətndə bir sözü   iki dəfə təkrar etməzmiş. Heydər Əliyevin  saatlarla heç bir mətnə baxmadan sinədəftər söylədiyi nitqlər birbaşa qəzet səhifələrinə çıxarılır. Çünki redaktəyə ehtiyac olmur. Rəhbər xalqın maddi-mə’nəvi həyat sahələrini  kamil bilməlidir. Və burada da xalqa nümunə olmalıdır. Şübhəsiz, siz adı çəkilən   böyük dövlət xadimlərinin heç biri deyilsiniz. Olmağınız da mümkün deyil. Sadəcə diqqətinizi tarixi həqiqətə cəlb etdik. Kitablarınızda sizin humanitar elmlər üzrə mütəxəssis olmağınıza dəlalət edən professional səviyyədən nişanə yoxdur. Bu səviyyə ilə sizdən nəinki yüksək dövlət kürsülərində, heç normal pedoqoji işdə də  istifadə etmək olmaz. Amma buna baxmayaraq, siz belə bir ortabab səviyyə ilə yeddi milyonluq, tərkibi mürəkkəb olan bir xalqa prezident olmaq iddiasındasınız. Aşıq demişkən: “Evdə arvadına sözü keçməyən, indi koxə olub el dolandırır”. Şübhəsiz, bu sizin hünəriniz deyil. Bir uşaq oyununda olduğu kimi, sizdən xəbər alırıq: Yoldaş, səni kim aparır? Sizi kimin apardığı xalqa çoxdan mə’lumdur. Haradan maliyyələşdiyinizi də bilirik. Siz 1993-cü ilin ortalarından e’tibarən heç bir rəsmi idarədə işləmədiyiniz və aylıq maaş almadığınız halda padşaha layiq bir həyat tərzi keçirirsiniz. Sizin təkcə gündə arağa və siqaretə sərf etdiyiniz vəsait ali məktəb professorunun aylıq maaşından artıqdır. Sizdən ötrü “kommunizm  cənnəti”ni yaradanlar da bizə mə’lumdur, sadəcə oxucuların vaxtını alıb, mə’lum həqiqətləri şərh etmək istəmirik. Atalar demişkən, görünən kəndə nə bələdçilik?  Bir də biz yazdıqlarımızı siz qərəzkarlıq hesab edə bilərsiniz. Biz bu adı üstümüzə götürmək istəmirik.  Ona görə biz burada  tədqiqatvari misallar gətirib, fikrimizi isbata yetirmək niyyətindən yan keçib, yaxınlarda A.Nehrəmlinin “İmpuls” qəzetində “BAB-da əsas casus Əbülfəz Əliyevdir” məqaləsindən bir parçanı misal gətirməklə kifayətlənirik. Orada deyilir: “E’tibarlı mənbənin verdiyi təsdiq olunmamış mə’lumata görə, BAB-ın (Birləşmiş Azərbaycan Birliyi) özü xarici xüsusi xidmət orqanlarından birinin sifarişi ilə yaradılmış qurumdur və rəsmi qeydiyyatı yoxdur. Bu qurumda əsas cəsus, həmin mənbəyə görə, Əbülfəz Əliyevin özüdür. Onun beş xarici kəşfiyyat orqanları ilə əlaqələri olduğu təsdiqlənir. Hələ Misirə işləməyə getdiyi zaman o, DTK ilə əlaqələr yaratmışdır. Misirdə olarkən isə Ərəb ölkələrindən birinin kəşfiyyat orqanları ilə bağlanmışdır. 1988-ci ildə Qarabağ hərəkatı başlananda meydana çıxarılan yaşıl islam bayraqlarının əsas təşəbbüskarı olan Əbülfəz Əliyev İran kəşfiyyatı ilə əlaqələr yaratmışdır... İrandan gələn “millətçi” mücahidlərin daim Əbülfəz Əliyev ətrafında birləşməsi və  üzə çıxması təsadüfi sayılmır. 
Lakin Hərəkat inkişaf etdikcə Türkiyə amilinin güclənməsi Əbülfəz Əliyevin türkçü cildinə girməsi ilə bitdi. Türkiyə  kəşfiyyatının himayəsində olan Azərbaycan Kültür Dərnəyi hərəkat üçün ideoloji material kimi müsavat irsini AXC fəallarına aşıladı”. (Daha ətraflı mə’lumat üçün bax: Nehrəmli A. “BAB-da əsas cəsus Əbülfəz Əliyevdir”, “İmpuls” qəzeti, 1999, 28 may, N 20).
Mətləb aydındır. Necə deyərlər, xoruzun quyruğu görünür. Bəy dadaş,  dediklərinizi  həqiqət kimi  qəbul etsək, mə’lum olur ki,  Şeyx Hacı Allahşükür Paşazadə ancaq bir dövlətə xidmət edib. Əgər KQB-nin, keçmiş SSRİ-nin  təhlükəsizlik orqanı, Sovet İttifaqının isə bizim ümumi dövlətimiz  olduğunu nəzərə alsaq, Şeyxin fəaliyyətində qəbahət görünmür. O, Vətənə xidmət edib. Siz bir siyasət adamı və bir il prezident işləmiş dövlət xadimi kimi bütün vəzifəli şəxslərdən dövlət təhlükəsizliyində yeri gəldikdə istifadə olunduğunu bilməli idiniz. Bunsuz dövlət yaşaya bilməz, burada qeyri-adi heç bir şey yoxdur.  
Yuxarıdakı sitatdan aydın oldu ki,  siz dünya dövlətlərinin az qala yarısının agentisiniz. Bəs, siz özünüz agent ola-ola hansı haqla başqalarını agent olmaqda ittiham edirsiniz. Əgər sizin əlaqə yaratdığınız adı çəkilən dövlətlərin Azərbaycana münasibətdə bədxah mövqedə durduqlarını və sizin onların tapşırıqlarını yerinə yetirdiyinizi  nəzərə alsaq, sizin cinayətiniz daha ağırdır və hətta əfv olunmazdır. 
Cənab bəy! “Avqur gülüşü” deyilən bir qanadlı ifadə var. “İfadə bir-birinin yalançılığını başa düşən və başqalarını qəsdən çaşdıran” adamlar üçün işlənir. Bu biləvasitə  sizə aiddir.
Cənab Əbülfəz Əliyev,  sizin cinayətləriniz bununla bitmir. Siz xalqın e’timadına xəyanət etmiş adamsınız. Nəzərinizə bir ibrətli faktı çatdırmaq istəyirik. Çili xalqı 1970-ci ildə Salvador Alyendeni səs verib prezident seçmişdi. Üç il sonra Pinoçetin hərbi xuntası saray çevrilişi edərkən dostları Salvador Alyendeyə prezident iqamətgahını tərk etməyi, qaçıb canını qurtarmağı təklif etmişdilər. Pinoçet özü də Alyendieyə analoji yol göstərmişdi. Prezident bu təklifi edənlərə  onun xalq tərəfindən seçildiyini və xalqın e’timadına xəyanət edə bilməyəcəyini bildirmişdi. O, iş otağında qiyamçılar tərəfindən qətlə yetirilmişdi. 
Sizi də yalan-doğru xalq seçmişdi. Hərçənd bu da şübhəlidir. O da yadımızdadır ki, 1992-ci ildə prezident seçkiləri ərəfəsində televiziyada sizin prezidentliyə digər namizədlərlə bir yerdə dialoqunuz təşkil edilmişdi. Haqqınızda yaradılmış yalançı mifin tə’siri altında xalq sizin teleekrana çıxacağınızı intizarla gözləyirdi. Siz dialoqa gəlmədiniz.    Belə mə’lum oldu ki, siz xalqı sıfır hesab edib gəlmədiniz.  Siz təkcə xalqı saymadığınıza görə yox həm də digər namizədlərin qarşısında gücsüzlüyünüzü hiss etdiyinizə və xalqın gözündən düşəcəyinizi dərk etdiyinizə görə gəlmədiniz. Rüsvay olmaqdan qorxdunuz. Görünür, çətin məqamlarda meydandan qaçmaq sizin şakərinizdir. Koroğlunun igidlik ondur, doqquzu qaçmaqdır, biri isə gözə görünməməkdədir deyimi sizə həmişə sərfəli görünür. Sizinlə bərabər prezident kürsüsü uğrunda mübarizə aparanlardan birinin araşdırmalarına görə sizə çox az səs verilib. Cənub bölgəsi rayonları əhalisi isə sizə səs verməkdən imtina edib.  Həmin rayonlara təyyarə ilə ikinci dəfə səsvermə bülletenləri göndərilib.   Siz prezident kimi nəinki xalqın e’timadını  doğrultmadınız, əksinə, xalqın sizə e’tibar etdiyi kürsünü gecəyarısı səssiz-səmirsiz tərk edib, xəlvət Kələkiyə qaçdınız və dağda, daşda gizləndiniz. Siz etdiyiniz xəyanətə görə xalqdan üzr istəmək, bir daha siyasətə dönməyəcəyinizi bəyan etmək əvəzinə çıxışlarınızda dönə-dönə qaçmaqla vətəndaş müharibəsinin qarşısını aldığınızı deyir və bununla xalqın boynuna  yekə  bir minnət qoyur və əhalini aldadıb yenidən prezident seçilmək istəyirsiniz. Məsəl var, deyirlər, axar  suya iki dəfə girmək olmaz. 
 Cənab eks-prezident! Sizə ünvanladığımız məktubun yerliçilik təəssübünə uyub Şeyxülislam Allahşükür Paşazadəni müdafiə etmək məqsədilə yazıldığını zənn etməyin. Biz əslində belə cılız hisslərdən uzağıq. Azərbaycanın bütün qütbləri bizi üçün müqəddəs Vətəndir. Biz onun hər güşəsindən alınmış bir ovuc torpağa möhür kimi alın qoyub səcdə etməyə hazırıq. Onun bütün vətəndaşları bizim qan qardaşlarımızdır. Hacı  Alahşükür Paşazadə dünya miqyasında tanınan və ehtiram olunan şəxsiyyətdir.  Kimsənin müdafiəsinə və himayəsinə onun ehtiyacı yoxdur. 
 Biz sizə ünvanladığımız bu məktubla yerlilərimizi,soydaşlarımızı və ümumiyyətlə, bütün vətəndaşlarımızı mübtəla olduğunuz və sağalması mümkün olmayan azarlardan xəbərdar etmək məqsədini izləyirik. Biz onları başa salmaq istəyirik ki, bu gün vətənimizdə quzu cildinə girmiş çoxlu canavarlar dolaşmaqdadır. Onların vətən və xalq haqqında irad etdikləri zahirən xoş tə’sir bağışlayan dəbdəbəli nitqlərə aldanmasınlar. Bu odlu çıxışlar əslində milləti ovlamaq üçün toxunmuş tor, qurulmuş tələdir.  Belələri vətən, millət eşqindən mərhumdurlar. Onlar ancaq yağlı fətir qapmaq, pul qırmaq, torpaqları yenidən hərraca qoymaq, sərvətləri talan etmək uğrunda mübarizə aparırlar. “Vətən” və “millət” sözləri isə onların üfunət qoxusu verən çirkin əməllərinin üstünə çəkilən bərli-bəzəkli pərdədir. Tarixin təcrübəsi isbata yetirib ki, patriotizm həmişə siyasi əclaf və fırıldaqçılar üçün istehkam rolunu oynayır. Ayıq olsunlar, siz əqidədə  olanların sözünə yox, əməllərinə diqqət yetirsinlər. Əks təqdirdə  aldandıqlarına görə peşmançılıq odunda yanıb yaxılarlar. Atalar demişkən, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan daş topuğa dəyər”.
Cənab bəy! Tez-tez təkrar etdiyimiz sizin mübtəla olduğunuz azara gəldikdə bu irqçilikdən, millətçilikdən,  yerliçilikdən, dəstəbazlıqdan, ən nəhayət siyasi fırıldaq və siyasi hoqqabazlıqdan ibarətdir.  
Ciz siyasi fəaliyyətinizdə bu qəbildən çirkin ideyaları rəhbər tutursunuz. Belə zərərli   məfkurənin atəşinin tə’sirindən   irəli gələrək siz ürəyinizdə respublikanın Cənub bölgəsinin əhalisinə nifrət gəzdirisiniz. Siz Şeyxülislam Allahşükür Paşazadəni təkcə iddia etdiyiniz kimi,  “KQB polkovniki” olduğuna, “Məkkəyə gedəndə sənəd” apardığına görə tənqid etmirsiniz. Siz onu Cənub bölgəsindən olub, cəmiyyətdə yüksək mənsəb, nüfuzlu vəzifə tutduğuna görə təhqir edirsiniz. Sizin gözünüz bunu görmək, qulağınız eşitmək  istəmir. Siz onu xalq arasında nüfuzdan salıb vəzifədən uzaqlaşdırmağa canfəşanlıq göstərməklə əslində cənubluların dövlət strukturlarından təmizləmək niyyətini izləyirsiniz. Çünki ümumbəşəri dəyərlər zəminində tə’lim-tərbiyəniz olmadığına görə,  siz insan təfəkkürünün ən aşağı pilləsi olan qohumbazlıq,  yerliçilik və irqçilik azarına mübtəlasınız. Ona görə də siz bu qəbildən olan yüksək vəzifələrdə ancaq cəbhədaşlarınızı,  yerlilərinizi və qohumlarınızı görmək istəyirsiniz. Bizə bu fikri deməyə sizin prezident işlədiyiniz bir ildə toplanan faktlar kifayət qədər əsas verir.
Faktlara keçək.
Siz prezidentlik səlahiyyətlərinizin icrasına cənublulara qarşı represiyadan başladınız.  Siz prezident kürsüsünə oturan kimi silahlanıb  cənublu ovuna çıxdınız. Siz prezident işlədiyiniz az bir müddətdə Cənub bölgəsindən olan və yüksək vəzifə kreslosunda oturan 24 nəfəri əsassız olaraq vəzifədən azad etmisiniz. Sizin bu addımınıza Cənub bölgəsinin xalqa ləyaqətlə  xidmət edən övladlarına qarşı düşmənçilikdən başqa ad vermək olmaz. 
Bu faktın biridir. Digəri daha dəhşətlidir. Siz prezident işlərkən Cənub bölgəsində dünyada misli az müşahidə edilən “Subtropik əməliyyatı” adı altında vəhşilik aktını həyata keçirmişsiniz. Daxili İşlər Nazirliyinin iri rütbəli məmurlarının  rəhbərliyi altında  xüsusi dəstənin əliylə  Astara rayonunda qrad vasitəsilə  vətəndaşın evi dağıdılmış, bütöv bir ailə məhv edilmişdir. (Ailənin ən kiçik üzvünün 12 yaşı var idi. Ölənlər arasında İrandan gələn bir qonaq da olub). İndiyə qədər obyektiv hüquqi qiymətini almayan bu vəhşilik  subyektiv münasibətlər zəminində sizin tapşırığınızla yerinə yetirilmişdir. E’tirazmı edirsiniz? Əgər belə deyildisə, siz mə’lum dəstənizi niyə cəzasız qoydunuz? Niyə onlar haqqında cinayət işi qaldırmadınız? Siz nəinki onları cinayətə cəlb etmədiniz, əksinə, siyasi riyakarlıq göstərib astaralıları məcburən teleekrana çıxartdınız. Onlar sizin süngünüz altında öldürülmüş ailənin məhvinə bəraət qazandırdılar. Respublika əhalisində belə bir fikir formalaşdırdınız ki,  qətlə yetirilmiş ailə ölməli imiş. Allahın yaratdığı bəndənin Əbülfəz prezident olan ölkədə yaşamaq hüququ yox imiş. Bu XIX əsrdə ingilislərin Birmada, fransızların Əlcəzairdə törətdikləri cinayətlərə  bərabər hərəkətdir.  
Bir anlığa təsəvvür edək, ailə canilərdən ibarət olub. Cənab eks-prezident, o hansı qəbahətdir ki, XX əsrdə qanunsuz və məhkəməsiz cəzalandırılsın? Bu qanlı faciə sizin prezident olduğunuz vaxtda müstəqil, süveren,   azad  Azərbaycanda baş verdi. Niyə? Axı, siz prezident seçilərkən dinindən, irqindən, əqidə və dilindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının hüquq və mənafelərinin qarantı olmağa and içmişdiniz. Andınızı beləmi yerinə yetirdiniz? Yoxsa, xalqı aldadırdınız? Bu millət atasına yaraşan sifətdirmi? Özü də siz bu ağıl, əqidə və mə’nəviyyatla Azərbaycana yenidən prezident seçilmək istəyirsiniz. Xeyr, cənab Əbülfəz bəy! Xalq artıq sizi yaxşı tanıyır. Günahsız təbəəsinin qanına əli bulaşan kişidən  rəhbər ola bilməz. Osmanlı türklərinin gözəl bir məsəli var: Ağacdan maşa, nökərdən paşa olmaz. 
Məhz bunlara görə bu gün sizin hakimiyyətə can atmağınız iyrənc görünür. Çünki “Kələki səfəri”nizlə siz and içdiyiniz Müqəddəs Qurana, Yanvar və Qarabağ şəhidlərinin ruhuna (onlar bu dünyadan köçəndə sizə inamlarını itirməmişdilər), 170 illik müstəmləkədən sonra azadlıq əldə etmiş 7 milyonluq xalqın inamına xəyanət etmisiniz. Qanuna görə fərarilik edən əsgər güllələnir. Bəs, fərarilik edən siz, Ali Baş Komandanın cəzası nə ola bilər? 
Cənab eks-prezident! Bu gün 1993-cü il Lənkəran hadisələri ilə əlaqədar Cənub bölgəsindən onlarla adam zindanlardadır, ailələr əzab çəkir. Bütün bunların da səbəbkarı sizsiniz. Bir el məsəlində deyilir: Vuran öldürmədi. Kin oyadan öldürdü. Siz əməllərinizlə cənub bölgəsi əhalisinin qəlbində kin oyatdınız. Siz harada,  nə vaxtsa, hansı münasibətlə  deyilmiş “Türkün türkdən başqa dostu yoxdur” deyimini yad məkandan sün’i surətdə Azərbaycan mühitinə gətirib tətbiq etməklə müxtəlif etnik qruplardan ibarət olan Azərbaycan əhalisini qarşı-qarşıya qoydunuz. Siz “Kürdsən kürd adını yaz üstünə, Talışsan, talış adını, saxursan saxur adını. Sonra niyə mənə minnət qoyulsun” deməklə (Cənab bəy, “niyə mənə minnət qoyulsun” fikrini başa düşmədik, daha doğrusu, mətləbin məğzi bizə çatmadı. Sizə Azərbaycanın türksoylu və türkdilli əhalisinin adından danışmağa kim səlahiyyət verib? Xalq nə vaxt sizi onun adından danışmağa vəkil edib?  Nəhayət, siz nə vaxtdan xalqı təmsil edən şəxsiyyətə çevrilmişsiniz? Cənab bəy, sizin xalq adından danışmağınız çox əcaib görünür və biz deyərdik bu normal ağıl sahibinə malik olan şəxsə məxsus keyfiyyət deyil)  vahid ərazidə, bir iqtisadi məkanda  yaşayan, bir dinin bayrağı altında birləşən və bir ümumi Azəri ədəbi dilində danışan və “azərbaycanlı”  adı altında millət kimi formalaşan və “azərbaycanlı” adı ilə iftixar edən  xalqı parçaladınız. Bu zəmində milli separatçılıq əhval-ruhiyyəsi baş qaldırdı və Azərbaycan dövlətçiliyinin əsaslarının parçalanması üçün zəmin yarandı. Əgər bura Qarabağ uğrunda erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə Cənub bölgəsindən olan əsgərlərin göstərdikləri mərdliyin, şücaətin, rəşadətin  cəbhə mətbuatı tərəfindən işıqlandırılmaması, yaxud e’tinasızlıqla qarşılanması, igidlik nümayiş etdirmiş onlarla cənublu döyüşçüyə məhz cənublu olduğuna görə Milli Qəhrəman adının verilməməsi də əlavə olunsa,  məsələnin kökü bir daha aydınlaşar. 
Sizin irqçilik təəssübündən doğan düşüncəsiz addımlarınız  və tədbirləriniz Azərbaycanı fəlakət uçurumunun qırağına gətirdi. Ondan ilk növbədə ziyan görənlər və ağır zərbə alanlar Cənub bölgəsinin əhalisi oldu. Vətənə bağlılığı, vətənpərvərlik hisslərinin coşqunluğu ilə seçilən, Azərbaycanın üstünü alan fəlakətlərin dəf olunmasında hamıdan əvvəl canını, qanını və malını əsirgəməyən cənublular sizin yanlış siyasətiniz nəticəsində Vətəni parçalamaqda ittiham olundular.  Kəlbəcərin ermənilər tərəfindən işğalını qələbə kimi qələmə verib, bayram edən siz ölkə başçısı oldunuz. 
Cənab Əbülfəz Əliyev! Sözümüzü tamam etdik. Axırda üzümüzü sizə və sizin siyasi curlarınıza tutub deyirik: Xalq üçün heç bir xeyri olmayan siyasi oyunbazlığınıza, hoqqabazlığınıza son qoyun! Azərbaycanı siyasi, iqtisadi və mədəni böhrana düçar etdiyiniz yetər! Ölkəni təcrübə labaratoriyasına çevirdiyiniz bəsdir! İnsanlar, şəxsiyyətləri üz-üzə qoyduğunuz yetər!   Azərbaycan xalqı  müdrik xalqdır. Onun özünü idarə etməyə qüdrəti çatır. Onun xarici ölkələrdən göndərilən tə’limatlarla, tə’yin olunmuş emissarlarla  idarə olunmağa ehtiyacı yoxdur. Ayılıb əsl həqiqəti anlamaq üçün sizə Şuşalı mühacir alim Hüseyin Baykaranın “Azərbaycan istiqlal mübarizəsi tarixindən” adlı dəyərli əsərinin (Bakı, 1992) 242-243-cü səhifələrini oxumağı məsləhət görürük. Sizin başını qatıb, ac saxladığınız və səfalətə sürüklədiyiniz xalq hər şeyi başa düşür. Gücsüzlərin gücündən və qəzəbindən qorxun!  Çox çəkməz xalq özünü mələk kimi göstərənlərin maskasını yırtacaq. O gün uzaq deyil. O gün gələcək!

Xeyrulla Məmmədov    - Filologiya elmləri doktoru, professor.
Seyfulla Əsədullayev    - Filologiya elmləri doktoru, professor,                                Əməkdar Elm xadimi
Kazım Əzimov        - Fəlsəfə elmləri doktoru, professor.
Firudin Əsədov        - Tarix elmləri doktoru, professor.
Zeydulla Ağayev        - Filologiya elmləri doktoru, professor.
Əvəz Sadıqov        - Filologiya elmləri doktoru, professor.
Yusif Hidayətov        - Biologiya elmləri namzədi, dossent.
Mirzəli Cəfərov        - İqtisad elmləri namzədi, dossent.
Cahangir Suvarov        - Geologiya, mineralogiya elmləri namzədi, 
Ataxan Əbilov        - Hüquqşünas.
Oktay Əskərov        - Müəllim.
Valid Qardaşlı        - “Axşam” qəzetinin baş redaktoru.
Akif                - Ziyalı

tolishstan.com
Category: Sİyasət | Views: 209 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: