19:50
TƏZƏK ( Talışca-Sıləputə, Rusca- Kizyak)

TƏZƏK ( Talışca-Sıləputə, Rusca- Kizyak).

Qaz və elektrik enerjisinin qiymət artımını eşidib, kəndə zəng elədim ki, vəziyyəti öyrənim. Bir yaşlı qohumumuz xahiş elədi ki : - ,,Gör Rusiyada iribuynuzlu mal-qara üçün bez ( pampers) satmırlar?" Təəcübümü görüb sözünə davam etdi: -,, Malı çöldə hərdən təkbaşına buraxıram, bir- iki nəfər özünü çox şübhəli aparır. Qorxuram ki, mal ,,ağır təharətə" gedən kimi oğurlasınlar. Əvvəlki illər deyil bala, hər həyətdə 5- 6 mal vardı, hər sovxozda ferma var idi, camaat təzək yapmağa iməcilik edərdi. İndi ferma yox, mal- qara saxlayanları barmaqla saymaq olar. Qaz ,,ipişkə " kimi yansa da, qiyməti adamın dədəsini yandırır. Necə deyərlər, ,,qızınmadıq istisinə, kor olduq tüstüzünə." Hələ şəhərdə yaşayan uşaqlar da var, gərək onlara da təzək payı aparaq..."
Uşaqlıq illərində ailəliklə təzək yaptığımız illər yadıma düşdü. Yaptığımız təzəyin xarici görünüşü yaxşı alınmayanda, ,,standartlara" uyğun gəlməyəndə, böyüklər bizi danlayardı, elə bil ki, ,,Sanepidstansiya " sertifikat verməz, Qəbul komissiyası təsdiq etməzdi. Özünə hörmət edən ailənin təzəkləri də, onun adına layiq olmalı idi. Hələ təzəkləri xüsusi formada ,,ştapellərə " vurmaq, üstünü örtmək, gələn yaza kimi qənaətlə işlətmək, qonşuya ədəd hesabı ilə pay vermək, ehh... Bəziləri deyir ki Şura höküməti pis idi, yox qardaş, hətta təzəyinin də öz romantikası vardı. Oğlanlar, sevdiyi qızlar təzək yapanda, dəvətsiz iməciliyə gedər, qızlara söz atar, qızlar gözucu onları süzərdi. Bir neçə gündən sonra təzəyi çevirmək, 3 təzəyi piramidaşəkilli qurmaq ki altı daha yaxşı qurusun, sonra da lapetlərə, arabalara yükləyib, mənzil başına çatdırmaq. Yoldan keçəndə, təzəyin formasından, qalınlığından, razmerindən kimə məxsus olduğu bilinərdi. Bir sözlə təzək də, cəmiyyətdə mövqe göstəricilərindən biri idi.
Onda ,,semişkanı " stəkanla cibə tökərdilər, ya da qəzet kuloku, şoru toyuq- cücəyə verərdilər, ayranı vedrə ilə, qatığı banka ilə pay verərdilər. Qonşuya həyətdən meyvə- tərəvəz payı adi hal sayılardı. İniki hündür çəpərlər yox idi, qonşunun təzəyinə xor gözlə baxmaq, adamın ağlına gəlməzdi...
İndi semişka, şor, ayran qatığ, çərəzlər rəngli ,, upakovka " larda satılır, dadı da təzəki xatırladır.Əgər yaxın gələcəkdə təzəyin də upakovkada, qramla satışını görsək, təəcüb etməyin. Ağlımıza gələrdimi, odun, kömür, ağ neft mağazada kilo ilə, qramla satılacaq, tərəvəz üçün qara torpaq kilo ilə, çöl otları qramla satılacaq? YOX.
Əksər ucqar kəndlərdə qaz yoxdur, meşədən odun gətirmək qadağandır, əvəzində Gürcüstana, Türkiyəyə ucuz qiymətə qaz satırıq. Hətta düşmən Ermənistana da. Mən təklif edirəm ki, onlar da bizə ucuz qiymətə, və yaxud ,,lqotnan " təzək satsınlar, lap ,,svejiy mal təharətinə" də razıyıq. Nə qədər isti yay günləridir, başımıza bir çarə qılaq ki, qışı birtəhər keçirdək. Yoxsa qorxuram ki, onlar bizi qabaqlayıb, təzəyi rəngli upakovkada bizə soxuşdursunlar. Axı onlar bizim kimi yaraşıqlı, görkəmli, ən başlıcası effektli təzək yapa bilməz. Bax onda olar ,,ALTI TƏZƏK, ÜSTÜ BƏZƏK ".
Təndir və sobalarız yanar, məkanınız isti olsun!
P. S. Gör bu qədər neft-qaz sərvətləri , çoxlu meşə massivləri olan Azərbaycan xalqı, necə Gürcüstan və Ermənistanın mal poxlarına ( bütün oxucularımdan üzr istəyirəm) möhtac qalıb.
BURA VƏTƏNDİR!
05 07 2021ci il ADİ.



Адоглан Исаев

Category: Sosial şəbəkə xəbərləri | Views: 31 | Added by: tmmrtalish | Tags: Адоглан Исаев | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: