19:22
“Talış dilinin tədrisi ilə bağlı müraciətlərin cavabsız qalması narahatlıq doğurur”
Azərbaycan Talışların İctimai Şurası

 

 

“Talış dilinin tədrisi ilə bağlı müraciətlərin cavabsız qalması narahatlıq doğurur”

Müəlliflər: Meydan TV

Azərbaycan Talışların İctimai Şurası ictimaiyyətə müraciət ünvanlayıb

“Biz talışlar etnik mənsubiyyətimizdən asılı olmayaraq güclü, qüdrətli ölkəmizdə - doğma, azad, demokratik Azərbaycanımızda qürürlu, ləyaqətli, firavan və xoşbəxt yaşamaq istəyirik! İstəyirik ki, övladlarımız özünütanımaz, manqurt və mənəvi cəhətdən şikəst deyil, şəxsiyyətli, ləyaqətli, namuslu, vicdanlı, sağlam düşüncəli əsl Azərbaycan vətəndaşları kimi böyüsünlər!”

Azərbaycan Talışların İctimai Şurasının ictimaiyyətə ünvanladığı müraciətdə belə deyilir.

Şuranın həmsədrləri Hilal Məmmədov, Mehdibəy Səfərov və Ataxan Əbilovun imzaladığı müraciətdə daha sonra deyilir ki,

sosial şəbəkələrin imkanlarından yararlanaraq, mənsub olduqları talış xalqının taleyində mühüm rol oynaya biləcək bir sıra vacib məsələləri diqqətə çatdırmaq istəyiblər:

“Nəzərinizə çatdırırıq ki, hələ ötən əsrin 30-cu illərində (xüsusilə, 1937-ci ildə) totalitar SSRİ imperiyası talış xalqının adını tarix səhnəsindən silmək üçün onu amansız repressiyaya məruz qoyub! O dövrdə demək olar ki, talış xalqının ictimai-siyasi, ədəbiyyat, mədəniyyət, din xadimləri və digər sahələrdə çalışan çoxsaylı ziyalıları kütləvi repressiya olunaraq güllələndilər və ya uzaq sürgünlərdə məhv edildilər. Xalqın əksər hissəsi isə tarixən yaşadıqları füsunkar ata-baba torpaqlarından ilan mələyən səhralara köçürüldü. Nəticədə həmin köçkünlərin də bir hissəsi yoluxucu xəstəliklərdən həyatlarını itirdilər...

Artıq indi XXI əsrin ikinci onilliyini başa vurmaqdayıq. Çox böyük təəssüf hissi ilə qeyd edək ki, talış xalqı ötən əsrin 37-ci ilindən üzübəri məruz qaldığı dəhşətli repressiyalardan hələ də bəraət qazana bilməyib”.

Bəyanat müəllifləri bildirirlər ki, talış əsilli ziyalılarının birləşdiyi Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) talış xalqının tam reabilitasiyasına nail olmaq və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası naminə fəaliyyət göstərir:

“21 fevral 2020-ci il tarixdə Azərbaycan Talışların İctimai Şurası “Beynəlxalq Ana dili günü” münasibətilə Bakı şəhərində keçirdiyi tədbirdə “Azərbaycan Respublikasında talış dilinin hazırkı vəziyyəti və bu istiqamətdə təxirəsalınmaz tədbirlər haqqında Mövqe sənədi”ni qəbul edib.

25 fevral 2020-ci il tarixdə ATİŞ-in həmsədrlərinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə (surəti - Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikası Təhsil nazirinə, Azərbaycan Respublikası Prezident Admnistrasiyasının rəhbərinə olmaqla) ölkəmizin köklü, avtoxton xalqı olan talışların ölməkdə olan ana dilinin qorunması və inkişafı naminə təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsi ilə bağlı müraciət ünvanladı. 32 səhifəlik həmin Mövqe sənədi də göndərilən müraciətə əlavə edildi. Ölkəmizin ən ali dövlət orqanlarına ünvanladığımız müraciətlərdən 9 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşları olaraq, indiyə kimi həmin instansiyalar tərəfindən heç bir rəsmi cavab almamışıq”. Bəyanatda o da deyilir ki, müraciətlərdən 2 ay keçdikdən sonra, yəni 25 aprel 2020-ci ildə həmin ali dövlət idarəetmə institutlarına teleqram vurublar, ancaq yenə cavab almayıblar.

Sonrakı mərhələlərdə ATİŞ olaraq, ictimai fəaliyyətlərini COVİD 19 pandemiyası ilə bağlı maarifləndirmə işinə həsr etidklərini, 27 sentyabrdan isə əsas diqqəti Vətən müharibəsinə yönəltdiklərini vurğulayıblar:

“Dilindən və dinindən asılı olmayaraq hər birimiz bu tarixi qələbənin bütün Azərbaycan vətəndaşlarının monolit birliyi və səmimi qardaşlıq ünsiyyəti sayəsində qazanılmasının şahidi olduq! Böyük iftixar hissi ilə onu da qeyd edək ki, bu misilsiz qələbənin qazanılmasında talış əsilli əsgər və zabitlərimiz döyüş meydanlarında misli görünməmiş qəhrəmanlıq, şücaət və rəşadət nümunələri göstərdilər. Nəticədə xeyli sayda şəhidlər, yaralananlar, itkin düşənlər də oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah onlara rəhmət eləsin!”

“Hörmətli dostlar, möhtərəm cənablar!

Məhz yuxarıda sadaladığımız səbəbləri əsas götürərək, üzümüzü Sizə - ölkəmizin dəyərli ictimaiyyət nümayəndələrinə, ziyalılara, din xadimlərinə, siyasətçilərə, alimlərə, jurnalistlərə və dövlət məmurlarına tutaraq bildiririk: Qarşıdan 2020-ci ilin sonu - dekabr ayı gəlir! İl tamam olur... Hökumətimiz isə, günü bu günə kimi, ölkə vətəndaşları olaraq, layiqli özünüifadəmizin başlıca komponenti olan Ana dilimizin mühafizə olunması və inkişafı ilə bağlı təqdim etdiyimiz təkliflər paketinə nəinki müsbət və ya mənfi cavab verib, ümumiyyətlə, heç bir cavab verməyib. Azərbaycan hakimiyyətinin müvafiq ali orqanlarının etinasızlıq göstərərək talış dilinin tədrisi ilə bağlı etdiyimiz müraciətləri cavabsız qoymaları, ölkə vətəndaşları olaraq bizi dərin narahatçılıq hissləri keçirməyə vadar edir Lakin ümid və inamımızı hələ itirmək istəmirik! Dilemma və fakt qarşısında qalan ATİŞ üzvləri, hal-hazırda növbəti pozitiv və konstruktiv addımların atılması istiqamətində təşkilatdaxili ciddi müzakirələr aparırlar”.

Category: Taliys | Views: 179 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: