20:08
Zaqatala-Balakən Avar gənclərindən açıq müraciət
Zaqatala-Balakən Avar gənclərindən açıq müraciət.

Hörmətli və dəyərli həmvətənlilərimiz!


     Biz avar milləti olaraq 2-ci Qarabağ müharibəsində sizinlə birlikdə Prezidentimizin şüarı ətrafında dəmir yumruq kimi birləşərək tarixdən silinməyəcək qələbə qazandıq. Bu qələbə dünyaya bir daha sübüt etdi ki, Azərbaycanda yaşayan hər bir kəs milliyətindən, dinindən və irqindən asılı olmayaraq bir amal uğrunda, dövlətin bütövlüyü naminə birləşərək əsl tolerantlıq və sülh nümunəsidir. Vətən uğrunda canından keçmiş şəhidlərimizlə, qazilərimizlə bütövlükdə Azərbaycanın bütövlüyü uğrunda döyüşmüş millətimizin hər bir əsgər və zabitlərimizlə qürür duyuruq. Etiraf edək ki, Azərbaycan çoxmillətliliyi ilə və onların vəhdəti ilə gözəldir. Artıq əsrdən çoxdur ki, biz avarlar Azərbaycan adlanan məmləkətdə baş verən hər bir prosseslərdə digər millətlər kimi yaxından iştirak edirik və bir bayraq altında birləşərək eyni taleyi bölüşürük. Təəssüf ilə qeyd etməliyik ki, son dövrlərdə bəzi qüvvələr, xüsusi ilə bəzi dırnaqarası tarixçilər özlərinin məqsədyönlü şəkildə yürütdüyü tarixi və mədəni saxtalaşdırma siyasətləri ilə insanlar arasında ayrıseçkilik salır, fikir ayrılığı yaradır və millətlərarası münaqişəyə səbəb olmağa çalışırlar. Belə addımlar Azərbaycanı parçalamaq istəyən xüsusi ilə ermənipərəst qüvvələrə sərf edir. 
      Xəzər Tv-də (Xəzər Media) 06.02.2021 və 13.02.2021-ci il tarixlərdə yayımladığı iki hissəli “Ənənə Boğçası - Balakən (Avarlar)” adlı biz Balakən-Zaqatala avarların tarixindən, mədəniyyətimizdən və mətbəximizdən bəhz edən verilişdə AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı olan tarix üzrə fəls. d-ru Məmmədli Akif Əlavəddin oğlunun səsləndirdiyi fikirlərə etirazımızı bildirmək istəyirik. Tarixçi Akif Məmmədli öz çıxışında avarların  Zaqatala- Balakən regionuna (Arxivlərdə bəzən Kaxetiya və ya Alazan vadisi kimi də göstərilir) sonradan köçüb gəlmə xalq kimi qeyd edir. Həmçinin israrla bizim milli kimliyimizlə bağlı yanlış təsəvvürlər yaradaraq, tariximizi məqsədyönlü şəkildə saxtalaşdıraraq assimilyasiyamızı sürətləndirməyə çalışır. Mədəniyyətimizin incisi olan milli musiqi alətimiz Tamburu muğallara (Bu regionda yaşayan türkdilli xalqlar) aid edərək daha sonra onlardan bizim musiqi mədəniyyətimizə daxil olduğunu söyləməkdədir. O, bununla kifayətlənməyərək Tarixi abidələrimiz, tarixi yaddaşımız olan qəbir daşları həmçinin Məscidin memarlıq üslubu haqqında qəsdən yanlış fikirlər səsləndirmişdir. Xüsusi ilə vurğulamaq istərdik ki, o bu cür türkləşdirmə və tarixi satalaşdırma siyasətini həyata keçirtmək üçün regionda yaşayan avar millətinin sadəlöv və öz tarixindən xəbərsiz nümayəndələrini xüsusi ilə seçərək onlardan istifadə etmişdir. Sözü gedən veriliş sosial şəbəkələrdə yayıldıqdan sonra, ciddi müzakirələrə və qarşıdurmaya səbəb olmuşdur. Belə ki, artıq həmişə mehribanlıq və dostluq içində yaşamış Zaqatala- Balakən əhalisi arasından bəzi türksoylular biz avarlara “bu regionu tərk edin, hardan gəlmisizsə oraya qayıdın” kimi fikirlər səsləndirməyə başlamışdırlar. Belə fikirlər gələcəkdə etnik zəmində qarşıdurmaya və Azərbaycanda ikinci Qarabağ münaqişə ocağına yol aça biləcəyindən çox narahatıq. Belə bir təxribat yaradacaq mülahizələr səsləndirən Akif Məmmədliyə, bu fikirləri işıqlandıran Xəzər Mediaya və bu fikirlərə uyub etnik ayriseçkilik salan, dövlətin bütövlüyünə zidd çıxışlar edənlərə cavab olaraq mövzuya uyğun öz tariximizden bir neçə faktı diqqətinizə çatdırmaq istəyirik.
     Öncədən qeyd etmək istərdik ki, türkün şərəfli tarixi və gücü danılmazdır. Türklər bizim din qardaşlarımızdır və onlarla tarix boyu qonşuluq və dostluq münasibətlərində olmuşuq. Lakin biz öz milli mənsubiyyətimiz ilə tanınmaq və özümüzə məxsus tariximiz ilə qürür duyaraq digər millətlərlə birlikdə sülh içində yaşamaq istəyirik.
      Biz avarlar qədim yunan tarixçisi və coğrafiyaçısı Strabonun qeyd etdiyi Qafqaz Albaniyanı təşkil edən 26 dildə danışan tayfalarından biri olmuşuq. O, həmçinin qeyd edirdi ki, burada boğazdan danışan insanlar, yəni ünsiyyətdə boğaz hərflərindən istifadə edən tayfalar yaşayırdı. Avar dili də boğaz hərfləri ilə zəngin olub öz spesifikliyi ilə Nax-Dağıstan dillər ailəsinə aid olub Avar-Andi-didoic alt qrupuna daxildir. Bunu artıq dünyada dilçi alimlər təsdiq etmiş və UNESCO da bu dili qorunması şərtləndirən dillər qrupuna daxil edilmişdir. Buna görə Avar dilini qədim Türk dili kimi qələmə verməyə cəhdlər çox absurddur.
      Avarlar tarixən mərkəzi Xunzax şəhəri olmaqla Dağıstanda və Alazan vadisini (Kaxetiya, Zaqatala, Balakən) əhatə edərək öz varlıqlarını davam etdirmişlər. Həmçinin dilçilik və mədəniyyət alimi Harald Haarmannın qeydlərinə və digər tarixi mənbələrə istinadən orta əsrlərdə Qafqazdan ayrılaraq Avropaya yürüş edən avarlar, 567-ci ildən 804-cü ilə kimi mövcud olan Avar xaqanlığını (Şağanatı) yaratmışlar. Bununla bərabər Avar xaqanlığı haqqında tarixi məmbələrin azlığından bizə aid olub olmaması haqqında mübahisəli fikirlər vardır. XIV əsrdən başlayaraq Balakən-Zaqatala regionunda Car-Balakən Camaatlığı formalaşmağa başlanmışdır. Qeyd edək ki, Camaatlığın idarəsi xüsusi seçilmiş ağsaqqallar şurası yerinə yetirirdi. Əhalinin etnik tərkibi ilə əlaqədar bəzi tarixi qeydləri göstərmək istəyirik. 
   -“Şübhə yoxdur ki, Dağıstan (avar və saxur) icmaları Kaxetiyada XVII əsrdən çox-çox əvvəl mövcud olmuşdular. Məhəmməd Rəfinin XVI əsrdə yazdığı əsərdə regionu avar dilində “Qoloda” adlandırması ən azından dağlı xalqlarının XVII əsrdə gəldiyi iddiasını yalanlayır.” (Əliyev və Umaxanov, 2001:246-247).
      Arxeoloq D. Atayevin 1964-cü ildə Qoloda (avarca Гъолода-yuxarı kənd, silsilə) adlanan ərazidə apardığı arxeoloji tədqiqatlara görə bu bölgədə məskunlaşma X əsrdən daha əvvələ gedib çıxdığı qənaətinə gəlinmişdir. Qazıntılar zamanı tapılan maddi sübutların avarlara məxsus olması öz təsdiqini tapmışdır.
    İlya Petruşevskinin qeydlərinə görə Kaxetiyanın parçalanmasından sonra Gürcüstandan və digər ərazilərdən Car-Balakən regionuna muğalların (türkdilli xalqlar) köçü başlanmışdır. Car camaatı gürcülərə qarşı dini dayaq yaratmaq üçün muğalların indiki yaşadıqları ərazilərə köçməsinə izn verirdi. XVIII əsrin Car salnaməsində Car-Balakəndə məskunlaşan muğalların əksəriyyətinin Alazanın sol sahilindəki müharibələr dövründə gəldiyi göstərilir. O həmçinin qeyd edir ki, regionun sadəcə cənub hissələrində XIII əsrdə məskunlaşmış türklərin az sayda nəsli ola bilər (Petruşevski, 1934:31).
   “Səfəvilərin dağılmasından sonra Car–Balakən camaatı Osmanlıyla ittifaq qurdu. Bu ittifaqın qurulması 1734-cü ildə Nadir Şahın qardaşı İbrahim Şahın rəhbərliyi altında Cara böyük bir ordu göndərilməsi ilə nəticələndi. Cinıx (indiki Güllük kəndi, Qax) kəndi ərazisində Car–Balakən ordusu birləşmiş İran-Kaxetiya ordusunu məğlub etdi, Nadir Şahın qardaşı İbrahim Şah döyüşdə öldürüldü. 1741-ci ildə Nadir Şah bu dəfə 100 minlik qoşunla regiona gəldi. Car mühasirəyə alınsa da ona qətiyyətli zərbə vurmaq mümkün olmadı “ (Əliyev və Umaxanov, 2001:249).
     Burada xüsusi olaraq qeyd etmək istəyirik ki, XVIII əsrdə Hindistanı da fəth etmiş Nadir Şahı məğlubiyyətə uğradan Car avarlarının və digər qohum millətlərin sayının və nüfuzunun nə qədər çox olduğunu və bu regionda hansı gücə sahib olmalarını təsəvvür etmək heç də çətin deyildir. Biz bu tarixi faktların bir hissəsini sadəcə bizim haqqımızda uydurma tarix yazanlara cavab olaraq qeyd etdik. Biz avarlar tarixi torpaqlarımızda sonradan məskunlaşan hər bir şəxslə milliyətindən, dinindən və irqindən asılı olmayaraq dostluq və qardaşlıq münasibətləri ilə yaşamışıq və həmişə də bu cür davam etməsini istəyirik. Söz yox ki, bizim qonaqpərvərliyimiz və mərdliyimiz həmişə vurğulanıb.
      Həmçinin tariximizdən danışarkən mütləq qeyd etməliyik ki, bütün Qafqaz regionu üçün işğalçı siyasət yürüdən Çar Rusiyasının işğalına qarşı üsyanları və hamının xəbardar olduğu İmam Şamilin başçılığı altında azadlıq mübarizəsi şanlı səhifələrimizdəndir.
      Qədim kökəni olan orta Asiya və Qafqaz xalqların da Tambur, Pandur, Pandor və ya buna oxşar başqa adda qədim musiqi alətləri olmuşdur. Amma sözü gedən verilişdə söhbət avarlara məxsus Tamburdan gedir. Bu iki-simli milli musiqi alətimiz özündə Qafqaz musiqi ritmlərini, Qafqaz döyüş ruhunu təcəssüm edərək tarixən bizə və bizimlə eyni kökə sahib olan digər Qafqaz kökənli xalqlara məxsus olmuşdur. Bizim bu alət ilə ifa olunan qədim el nəğmələrimiz və halaylarımız çoxdur. Muğallar isə XVIII əsrdə regiona məskunlaşdıqdan sonra biz avarlarla qaynayıb qarışmağa başladıqları dövrlərdə bu alətlə tanış olmuşdurlar.
       Avarlarda XIII əsrdən etibarən xristinalıqdan islam dininə keçid dövrü başlanmışdır. Demək olar bütün əhalisi avarlardan ibarət olan Qabaqçöl qəsəbəsində XIX əsrdə islam memarlıq üslubunda tikilmiş minarəli məscidin minarəsinin 8 künclü olmasını Akif Məmmədli əsas tutaraq onu, 7 əsr əvvəl XI və XII əsrlərdə mövcud olmuş Səlcuqların memarlıq üslubuna aid etmişdir. Bu, onun açıq aşkar türkləşdirmə siyasəti ilə yanaşı əsassız və məntiqsiz mülahizələridir. O, yaxşı bilir ki, tarixin yazıldığı əsas kitabələr qədim qəbir daşlarındakı yazılardır. Məhz buna görə sözü gedən verilişdə qədim qəbir baş daşlarının üstündə həkk olunmuş ay və ulduz simvollarını da türkçülük simvolu kimi qələmə verdirmişdir. Ona xatırlatmaq istəyirik ki, biz avarlar həmişə islam dininə sadiqliyimiz ilə bu dini qorumaq üçün və işğalçılığa qarşı baş vermiş Müridizm hərəkatı və tez-tez baş verən üsyanlarla tanınırıq. Neçə əsrlərdir ki, bizim abidələrimizin memarlığında və qəbir baş daşların üstündəki simvollarda islam memarlıq üslubu öz sözünü deyir.
      Gördüyünüz kimi, bu cür tarixi saxtalaşdırma cəhdləri ermənilərin Qarabağda Azərbaycanın tarixi milli mədəniyyət nümunələrini özününküləşdirmək cəhdləri ilə eynidir. Biz Azərbaycan xalqını bu cür təxribatçı qüvvələrə uymamağa və bunlara qarşı ciddi ictimi qınaq yaratmağa çağırırıq. Həmçinin səlahiyyətli dövlət qurumlarından Akif Məmmədli və onunla əlbir olan dırnaqarası tarixçilərlə və belə qərəzli fikirləri yayımlayan media qurumları ilə bağlı ciddi tədbir görülməsini xahiş edirik. Düşünürük ki, bu cür insanlara qarşı vaxtında lazımi tədbirlər görülməsə gələcəkdə daha çox təxribatçı fikirləri səsləndirməyə davam edəcəklər. Biz bundan çox narahatıq və Azərbaycanda yaşayan hər bir kəsin dostluq və qardaşlıq münasibətləri ilə sülh içində yaşamasının tərəfdarıyıq. Azərbaycanın digər ölkələrdən fərqləndirən ən başlıca gözəl xüsusiyyət burada çoxsaylı müxtəlif xalqların nümayəndələrin yaşaması, onların timsalında mədəniyyətlərin qarışması və zənginləşməsi, hər bir millətin də özünə məxsus tarixi adət və ənənələrin olması və onun olduğu kimi qorunmasıdır. Azərbaycan xalqının hər bir nümayəndəsini bu birliyə xələl gətirəcək cəhdlər edən şəxsləri qınamağa və ölkəmizin sahib olduğu belə rəngarəng mədəni və tarixi irsini olduğu kimi özünə məxsusluğu ilə qoruyaraq birlikdə gələcəyə ötürməyə səsləyirik.

Hörmətlə,
Avar millətinin bir qrup gəncləri.
#Balaken #Zaqatala #Avar #Maarullal #Аварцы #Авар #МагIарулал
Category: Sİyasət | Views: 143 | Added by: tmmrtalish | Tags: Avar millətinin bir qrup gəncləri. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: